“Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün sosial şəbəkə hesabında 19 aprel Putin-Paşinyan görüşü ilə bağlı fikirlərini bölüşüb. Görüşün ehtimal olunan məqsəd və məzmununa bir neçə aspektdən diqqət çəkən politoloq yazır:
- Bu gün Moskvada Rusiya TV-lərinin öncədən gurultu ilə indiki beynəlxalq münasibətlərin xüsusi əhəmiyyətli hadisəsi kimi təqdim etdiyi Putin-Paşinyan görüşü olacaq. Dünya hadisəsi olmasa da, bəzi arqumentlərə görə sıradan biri deyil.
Əvvəla, 6 aprel Brüssel görüşündən sonra Putinin Paşinyanla ilk üz-üzə görüşüdür.
İkinci, Rusiyanın strateji müttəfiqlərə həmişəkindən daha artıq ehtiyac hiss etdiyi dövrdü.
Üçüncü, Azərbaycan-Ermənistan sazişinin imzalanması üzrə danışıqların başlama ərəfəsidir. Rusiyanın strateji müttəfiqi olan Ermənistan üçün çətin dövrdü. Özləri də etiraf ediblər ki, status və ərazi bütövlüyünü tanımaq məsələsində plankanı aşağı salmağa məhkum durumdadırlar. Yaxşı bilirlər ki, hər iki epizodu əks etdirən sazişun imzalanması Qarabağın Azərbaycanın tərkibində qalması ilə rəsmi barışmaq deməkdir. Bu isə strateji olaraq ona gətirib çıxara bilər ki, Qarabağda nə erməni, nə də sülhməramlı qalacaq. Bu perspektiv heç birini təmin etmir və haray bu başdan deyərək tədbir üçün görüşməyə məcburdular.
Ehtimallara görə, Paşinyan Putinlə Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq barədə razılaşmaya gedə bilər. Rusiya bunu, təbii ki, istəyir. Ermənistan isə Azərbaycanla uduşlu sülh sazişi imzalamaq imkanına malik olmadığından, daha aşağılayıcı sazışdən qaçmaq üçün tam şəkildə Putinə sığınmaq zorundadır. Əks halda Putin hazırda İrəvanı bürümüş müddətsiz aksiyaların təsirindən Paşinyanı niyə xilas etsin ki?..
Hər halda, bunlar ehtimallardı. Ancaq Putin-Paşinyan görüşünün mərkəzi mövzusunun Azərbaycanla sülh sazişinin olacağı az şübhə doğurur.