Bu yaxınlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksindəki mənzillərin seçimi prosesinə müdaxilə halları cəmiyyətdə ciddi və haqlı narazılığa səbəb oldu. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib. Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı cinayət işi başlanıb. Əməli törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə araşdırmalar davam edir.
Güzəştli mənzillərlə bağlı baş verən məlum hadisədən sonra həmin evlərin yenidən satışa çıxarılması müzakirə olunur. Ölkə ictimaiyyəti güzəştli mənzillərin satışının yenidən təşkil olunmasını təklif edir.
“Müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı”
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirdi ki, bu, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər: “Müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı. Baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin informasiya texnologiyaları (İT) auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir. Bununla bağlı əvvəllər verdiyimiz təklifləri bir daha qeyd edirəm.
– onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya risqi az olan sistem olmasına baxmayaraq, görünür ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir;
– satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır;
– ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir;
– sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir;
– süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir;
– onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.
Günel CƏLİLOVA