“Rusiya-Azərbaycan sərhədində, Dağıstanda çadırda gözləyən azərbaycanlıların ölkəyə gətirilməsinə maneçilik törətmək, onları sərhəddən Azərbaycana buraxmamaq Konstitusiyanın pozulmasıdır”.
Baki-xeber.com-un xəbərinə görə, bunu TNS-ə açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan vətəndaşları öz ölkələrinə hər zaman qayıtmaq hüququna malikdirlər: “Vətəndaşların bu şəkildə hüququnu pozmaq olmaz. Milli Məclisin iclasında bu problemi qaldıran deputat Qüdrət Həsənquliyev Konstitusiyanın maddəsini xatırlatdı. Baş nazir Əli Əsədov isə dedi ki, pandemiya dövrü olduğundan bu səlahiyyətlər Nazirlər Kabinetinə verilib. İstənilən halda, Konstitusiyadan heç nə üstün ola bilməz. Konstitusiyanın tənzimlədiyi məsələlərin hansısa bir qərarla hansısa orqana ötürülməsini mən doğru hesab etmirəm. Bu, hüquqi cəhətdən də doğru deyil”.
Razi Nurullayevin sözlərinə görə, Azərbaycanın öz vətəndaşlarına sahib çıxmaması və onların Dağıstanda şəxsiyyətinin alçaldılması dövlətimizə başucalığı gətirmir.
“Belə çıxır ki, Azərbaycan öz vətəndaşlarından imtina edir. Bu nə cür yanaşmadır? Belə bir yanaşmanın tətbiqinə imkan vermək olarmı? Qətiyyən yox. Azərbaycan vətəndaşları orada çox çətin vəziyyətdədirlər. Bizim vətəndaşlarımızın rusların gözü qarşısında şəxsiyyətləri alçaldılır. Bir dövlət buna necə göz yuma bilər? Mənə elə gəlir ki, bununla bağlı cənab Prezidentin məlumatı yoxdur. Mən parlamentdə də çıxış etdim, mediada da bu məsələni qaldırıram. Mən hesab edirəm ki, vicdanı olan hər kəs bu məsələyə öz səsini qaldırmalıdır”, - millət vəkili əlavə edib.