Media haqda yeni qanun həqiqətən özündə prinsipial yenilikləri əks etdirir. İnformasiya sahəsində hüquqi normativlərin daha da təkmilləşdirilməsinə ehtiyac var idi, informasiya təhlükəsizliyi mexanizmlərini gücləndirmək vacib idi, media ilə sosial şəbəkə jurnalistikasının sərhədlərini dəqiqləşdirmək lazım idi, jurnalistlərin özlərinin sosial portretini və müdafiə mexanizmlərini dəqiqləşdirmək qaçılmaz idi .Çox yaxşı haldır ki, yeni Media qanunu indiyədək praktikada rast gəlinən ziddiyyət və boşluqlar probleminin həllinə imkanlar yarada bilir. Qanunun konsepsiyasının və müddəalarının təhlili onun güclü hüquqi və peşəkar sənəd olduğunu deməyə əsas verir.
Bəzən qanunun müəyyən müddəaları ətrafında dumanlı təsəvvür yaratmaq səylərinə rast gəlirik. Lakin yeni Media qanunu bütün istiqamətlərdə prosesləri aydın tənzimləmə mexanizmi verir.
Mütləq əhəmiyyətli yeniliklərdən biri jurnalistlər üçün ipoteka imkanının yaradılmasıdır. Əslində minimum şərtlərə söykənən ipoteka imkanı bu gün jurnalistlərimizin böyük əksəriyyətinin ehtiyaclarını ödəyə biləcək prosedur kimi önəmlidir. Güzəştli ipotekanın qanuniləşməsi jurnalistlərin sosial rifah məsələlərinin həllində böyük rol oynayacaq. Güzəştli ipoteka Azərbaycan jurnalistlərinin çoxillik arzusu və problemi idi ki, yeni qanun bu problemi uğurla həll edə biləcək .
Çap və audiovizual medianın sosial şəbəkə platformalarından aydın sərhədlərlə fərqləndirilməsi yeni qanunvericiliyin praktik və hüquqi əhəmiyyətini müəyyən edən ən güclü cəhətlərdir.
Jurnalist vəsiqələrinin tətbiqi illərdən bəri öz həllini tapa bilməyən problem idi ki, bu da yeni qanunun sayəsində aydın yola çıxacaq. Jurnalist vəsiqələrinə sahib olan jurnalistlə onu daşımayan jurnalistin hüquq və imtiyazlar baxımından heç bir fərqə malik olmaması qanunda təqdirəlayiq nüanslardan biridir.
Çap və ya audiovizual mediada işləyib işləməməkdən asılı olmayaraq jurnalist adını daşımaq hüququna məhdudiyyət qoyulmaması sərbəst jurnalistikanın inkişafında öz sözünü deyəcək.
Bir sıra növlərdən olan media orqanının fəaliyyətə başlaması üçün hər hansı rəsmi lisenziya tələbinin qoyulmaması azad media prinsiplərinin daha dərin tətbiqindən xəbər verir.
Azərbaycan media praktikasında ilk dəfə olaraq Media reyestrinin tətbiqi tarixi yenilikdir və praktik əhəmiyyətə malikdir. Ən önəmli cəhət odur ki, reyestrdə olub-olmamaq media orqanları arasında heç bir reytinq fərqi yaratmır, məcburi xarakter daşımır və yalnız anket göstəricilərinin təsnifatını aparmaqla media siyasətinin çərçivəsini daha dəqiq müəyyənləşdirmək məqsədi daşıyır.
Yeni qanun Azərbaycanın media praktikasında və media qanunvericiliyində gələcəyə yönəlik yeni inkişaf səhifəsi açır.