Baki-xeber.com-un xəbərinə görə, bunu İstanbulda jurnalistlərin iqtisadiyyat və maliyyə sahəsində bacarıqlarının artırılması proqramının açılışında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Anadolu" agentliyinin və TRT-nin əməkdaşlarının iştirak etdiyi proqram Türkiyə Prezident Administrasiyasının dəstəyi ilə təşkil olunub.
Altun qeyd edib ki, Türkiyənin regional və qlobal məsələlərdə təsiri artdıqca, Ankaranın müstəqil siyasətindən narazı olan dairələrin narahatlığı da artır.
“Türkiyə ayağa qalxanda, iqtisadiyyatı gücləndirəndə, vətəndaşların rifahını yaxşılaşdıranda ölkəmizin inkişafı ilə barışmaq istəməyən qüvvələr işə düşür. İqtisadiyyat hücum və manipulyasiya üçün ən həssas olaraq qalır. Təəssüf ki, biz tez-tez Türkiyənin iqtisadi reallıqlarını təhrif etmək cəhdləri, ajiotaj və böhran yaratmaq üçün dezinformasiyaların yayılması ilə qarşılaşırıq”, - Türkiyə liderinin administrasiyasının nümayəndəsi bildirib.
Altun xatırladıb ki, Türkiyə dəfələrlə valyuta manipulyasiyaları və ölkə iqtisadiyyatını sarsıtmaq cəhdləri ilə üzləşib və uğurla müqavimət göstərib.
“Biz həm bu gün, həm də gələcəkdə iqtisadiyyata dəyən ziyanı aradan qaldırmaq üçün əlimizdən gələni etdik. Eyni zamanda, siyasi müstəvidə hücumların aradan qaldırılması üçün səylər göstəririk. Saxta xəbərlər, mənfi təsəvvürlər, ayrı-ayrı şəxslərin və ümumilikdə dövlət strukturlarının reputasiyasına zərbə - Ankaranın əleyhdarlarının tez-tez əl atdıqları silahlardır. Yalan axınına güclü arqumentlərlə tez və effektiv cavab verə bilməyimiz çox vacibdir”- o deyib.
Altun qeyd edib ki, bir sıra xarici media son aylarda ölkənin iqtisadi və maliyyə vəziyyəti ilə bağlı neqativ məzmunlu məlumatlar yayaraq, Türkiyə əleyhinə təbliğatın flaqmanlarına çevrilib.