Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Kiprdə PKK/PYD terrorçularının ofisinin açılmasına sərt reaksiya verib.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə diplomatiyasının rəhbəri bu barədə Ankarada estoniyalı həmkarı Eva-Maria Liimets ilə birgə mətbuat konfransında bildirib. “Türkiyə və KKTC-yə qarşı istənilən təhdid daha sərt cavabla qarşılanacaq. Sizi atəşlə oynamamağa çağırıram!" - o deyib
Türkiyənin terrorla mübarizədə güclü mövqe tutduğunu vurğulayan Çavuşoğlu bu kontekstdə “Düşmənimin düşməni mənim dostumdur” prinsipinin tətbiqinin yolverilməzliyinə diqqət çəkib.
Türkiyə diplomatiyasının rəhbəri Yunanıstanda PKK və DHKP-C terror təşkilatlarının düşərgələrinin yerləşdirildiyini bildirib. "Ankara bu düşərgələrdə təlim keçmiş DHKP-C terrorçularının daha sonra Türkiyədə hücumlar həyata keçirməsinə dair sübutları sənədləşdirib”, - Çavuşoğlu davam edib.
Nazirin sözlərinə görə, Fətullah Gülənin Paralel Dövlət (FETÖ) terror təşkilatının əlaltıları Yunanıstandan tranzit məqsədilə istifadə etməklə yanaşı, bu ölkədə daimi olaraq sığınacaq tapıb yaşayırlar.
“Axı bu terror təşkilatlarına ofis açmağa icazə vermək, onları qəbul etmək atəşlə oynamaqdır. Kıbrısın rum kəsiminin terror təşkilatlarına, o cümlədən PKK-ya verdiyi davamlı dəstəkdən çoxdan xəbərdarıq. Bu heç kimə sirr deyil. Bununla belə, bir daha demək istəyirəm ki, Türkiyə və KKTC-yə qarşı istənilən təhdid daha sərt cavabla qarşılanacaq”, - Türkiyə diplomatiyasının rəhbəri davam edib.
Çavuşoğlu yenidən Kıbrısın rum kəsiminin rəsmilərini terror təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırıb.
“Müəyyən məsələlərdə fikir ayrılıqları ola bilər. Təbii ki, Türkiyə ilə Kıbrısın rum kəsiminin mövqeyi fərqlidir. Hətta son vaxtlar Kipr nizamlanması ilə bağlı müxtəlif fikirlər səslənir. Amma terrorun mövzusu başqa şeydir! Bu, bilavasitə təhlükəsizlik məsələsi ilə bağlı mövzudur”, - deyə nazir vurğulayıb.
"Türkiyəyə mümkün hücumlara və istənilən təhdidə Ankara ən sərt şəkildə cavab verəcək", nazir xəbərdarlıq edib.