Ağdərədə Ermənistan çağırışlı əsgərlər?..

Sosial şəbəkələrdə ukraynalı bloger diqqət çəkən video yayıb. O, Azərbaycanın hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərində Ermənistan əsgərlərinin hərbi xidmət keçdiyini qeyd edir. Blogerin iddiasına görə, Rusiya sulhməramlılarının nəzarətində olan Agdərə ərazisində Ermənistan hərbi çağırışçıları əsgəri xidmət keçir. O, videoda Qarabağda xidmət edən Ermənistan vətəndaşı olaraq təqdim edilən iki erməni əsgərindən müsahibə götürür. Ermənilər blogerə deyirlər ki, Ağdərədə - rus sülhməramlılarının məsuliyyət zonasında xidmət edirlər və sülhməramlı kontintingentin yerləşdiyi yerlə onlar arasında cəmi 2 kilometr məsafə var.
Ermənistan hərbi çağırışçılarının Ağdərədə əsgəru xidmət keçdiyi barədə iddia nə dərəcədə həqiqətə söykənə bilər? Bu nə dərəcədə mümkün olan məsələdir? Ermənistan hərbi kontingentini Qarabağdan çıxardığını deyir, bu halda orada onun əsgəri necə ola bilər? Ukraynalı blogerin yaydığı və Azərbaycan sosial şəbəkə istifadəçilərinin də paylaşdığı videoda əks olunanlar şaiədir, yoxsa gerçəklik?
“Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingenti varsa və onlar ordakı erməni əhalini “bizdən qoruyursa”, bəs onda Ermənistan hərbçiləri orada nə gəzir?”
Hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, deyilənlər gerçəklikdir. T.Eyvazovun sözlərinə görə, 2020-ci ildə imzalanan üçtərəfli 10 noyabr bəyanatının bütün şərtlərinə Azərbaycan birmənalı olaraq əməl etsə də, Rusiya və Ermənistan əməl etməyib. “Ermənistan vətəndaşlarının Qarabağda xidmət etməsi barədə yayılan məlumat əsassız deyil. 10 noyabr razılaşmasından sonra müəyyən hissələr çıxarılıb, amma onların müəyyən qisminin Azərbaycanın Qarabağ bölgəsində qalması bu gün də davam edir. Yadınıza gəlirsə, biz Şuşada qələbə paradı keçirəndə, Zəfərimizi qeyd edəndə Ermənistanın müdafiə naziri ora gəlib öz tabeliyində olanlara orden-medal paylayırdı. Bloger yalan demir, həqiqəti deyir. Ermənistan hərbçiləri Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən tam çıxarılmayıb. Üçtərəfli bəyanata biz əməl etsək də, nə Rusiya, nə də Ermənistan ona tam əməl edir. Rusiya və Ermənistanın üçtərəfli bəyanatın şərtlərinə zidd davranışları nəticəsində hələ də onların bir qismi orada qalmaqdadır. Azərbaycandan fərqli olaraq nə Rusiya, nə də Ermənistan tərəf bu razılaşmanın bütün maddələrinə əməl etməyib. Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingenti varsa və onlar ordakı erməni əhalini “bizdən qoruyursa”, bəs onda Ermənistan hərbçiləri orada nə gəzir? Onlar tam olaraq oradan çıxmalı idi, amma çıxmırlar. Yeri gələndə heç Araik Artunyunyana da, rus sülhməramlılarına da qulaq asmırlar. Deyim ki, bu da ruslara müəyyən mənada sərf edir ki, qoy qarışılıq olsun, azərbaycanlılarla ermənilər yaxınlaşmasınlar. Yəni Rusiya hesab edir ki, azərbaycanlılarla ermənilər yaxınlaşarsa və qarşılıqlı sülh, anlaşma olarsa, Qarabağda rus sülhməramlılarına ehtiyac qalmaz”- deyə bildirən T.Eyvazovun sözlərinə görə, əslində Rusiya orada qalan Ermənistan hərbçilərini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalıdır, çünki onların bir qisminin hələ də orada qalması üçtərəfli bəyanatın şərtlərinin kobud şəkildə Rusiya və Ermənistan tərəfindən pozulması deməkdir.
İradə SARIYEVA