Dönər milləti qıra-qıra gedir - AQTA- nın dönər mafiyasına gücü çatmır...

Eyyub Hüseynov: “Dönərxanalara getsək, orada AQTA-nın çoxlu sayda kağızlarının olduğunu görəcəyik, guya ki, həmin yerlərdə…”

img

Son zamanlar paytaxtda və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələr kütləvi xarakter daşıyır. Daha çox dönərdən zəhərlənmələr qeydə alınır. Təkcə bu həftə ərzində Bakıda və Şəkidə ümumilikdə 17 nəfər dönərdən zəhərlənib. Bəs dönərxanalara niyə nəzarət edilmir?

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirdi ki, dönərxanalarla bağlı vəziyyət xoşagələn deyil: “Belə ki, dönərxanalara getsək, orada AQTA-nın çoxlu sayda kağızlarının olduğunu görəcəyik. Guya ki, həmin yerlərdə təhlükəsiz dönər hazırlanır. Dönərxanalar dövlət orqanlarının onlar üçün yaratdığı rahat şərait və toxunulmazlıqdan sui-istifadə edərək qanuni dönər hazırlanan yerdən dönəri alıb, AQTA-nın kağızını da yanına qoyur. Ondan sonra da ayağını ayağının üstünə aşırıb öz bildiyi at, eşşək ətindən, nədən gəldi dönər hazırlayır. Lazım olanda da kağızı göstərir ki, buyur bax. AQTA buyursun, hazır bişən dönərlərin ekspertizasını götürsün. Çox təəssüf ki, AQTA bunları etmir”.

Onun sözlərinə görə, hökumət bu sahədə birtərəfli siyasət aparır: “İstehlakçı hüquqları arxa planda qalıb, yalnız biznesə toxunulmazlıq siyasəti aparılır. Biznes qurumları da bundan sui-istifadə edir, hökumətin qanunlarını tanımaq istəmir. Misal üçün, altı il bundan öncə dönərxanaların standartları hazırlanıb. Amma hansı dönərxana bu standartlara cavab verir və AQTA bu sahədə müəyyən iş aparıbmı?! Xeyr, aparmayıb! AQTA-nın verdiyi kağızlar heç də orada bişən dönərə aid olmur. Kağız dönərin təhlükəsizliyini təmin etmir. Ona görə də, biz təklif edirik, elə bir mexanizm qurulsun ki, hökumət üzünü istehlakçılara çevirsin”.

“Ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalıdır”

Kulinar Nazilə Əliyeva bildirdi ki, dönərxanalarla bağlı araşdırma aparılmalıdır: “Dönərxanada, birinci növbədə, dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı mərhələlərdən keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalıdır.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər