“Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.
Görəsən, ölkə başçısı İlham Əliyevin məlum çıxışı digər dövlətlər tərəfindən Xocalı soyqırımının tanınmasında necə rol oynaya bilər?
“Prezident İlham Əliyev erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, dünya ölkələrini, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə çağırıb”
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Prezident İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətin diqqətinə Xocalı soyqırımı məsələsini çatdırdı: “Bütün dünya bilsin ki, ermənilər vəhşilik törədərək bir gecədə 600-dən çox insanı qətlə yetirdilər. Onların arasında yaşlı, uşaq və qadınlar da var idi. Erməni vəhşiliyinin nə demək olduğunu dünya ictimaiyyəti heç vaxt unutmamalıdır. Bəllidir ki, bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. O cümlədən, ABŞ-ın xeyli ştatı da Xocalı soyqırımını tanıyıb. Onlar Azərbaycan xalqının faciəsinə biganə qalmadılar. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı digər dövlətlərin də diqqətini cəlb edəcək və soyqırımı tanıyan ölkələrin sayı daha da artacaq”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, dünya ölkələrini, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə çağırıb.
Günel CƏLİLOVA