Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi dövründə yaşanan tarixi hadisələri və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media orqanlarına və nümayəndələrinə “TÜRKSOY-un media mükafatı”nın təqdimat mərasimi keçirildi. Azərbaycan Mədəniyyət naziri Anar Kərimovun, “TÜRKSOY”un baş katibinin müavi Bilal Çakıcının və yerli və xarici nümayəndlərin iştirak etdiyi təqdimat mərasimində duyğulu anlar yaşandı. Əvvəlcə şəhid jurnalistlərimiz Məhərrəm İbrahimov və Sirac Abışovun müharibədə fəaliyyətini əks etdirən kiçik film nümayiş olundu.
Mədəniyyət naziri Anar Kərimov çıxışında bildirdi ki, 27 sentyabr xalqımızın yeni zəfər salnaməsinin yazılmağa başladığı bir tarixdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini xatırladan A.Kərimov qeyd etdi ki, Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmazdı və bu səbəbdən də 30 ilə yaxın düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etdi. "Azərbaycan Müzəffər Ordusuna, Ali Baş Komandana minnətdarıq ki, bizi bu ləkədən qurtardı. Bu təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi deyildi, həm də şərəfə məsələsi idi. Bu xoşbəxtliyi bizə yaşatdıqları üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə sağlığına qovuşmasını arzulayıram. İnformasiya savaşında bizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürümü bildirirəm".
A.Kərimov çıxışında vurğuladı ki, 44 günlük Vətən müharibəsində biz türk dünyasının dəstəyini açıq şəkildə gördük və qardaş Türkiyə başda olmaqla digər türdilli respublikaların, xalqların media qurumları da Azərbaycana informasiya savaşında yaxından iştirak etdi. “TÜRKSOY”un 2021-ci ildə media müafatını Qarabağa, 44 günlük Vətən Savaşında informasiya cəbhəsində fədakarlıq göstərən jurnalistlərə verməsini yüsək dəyərləndirən nazir bildirdi, 44 günlük Vətən müharibəsində Azərbaycanı sevən insanların bizə güclü dəstəyi olub. “Qarabağ həqiqətlərini dünyaya çatdıran jurnalistlər mükafatlandırılırlar. Bütün türk dünyasının jurnalistləri bizimlə oldu, haqq səsimizi dünyaya çatdırdılar. Sizin fəaliyyətiniz Ermənistanın bizə qarşı apardığı qarayaxma, şər kampaniyasının qarşısını aldı, Bərdənin, Gəncənin, Tərtərin harayını dünyaya çatdırdınız”.
“TÜRKSOY”un baş katibinin müavini Bilal Çakıcı da çıxışında Vətən müharibəsində türk dünyasının jurnalistlərinin fədakarlığından danışdı. O, həmçinin vuruladı ki, türk xalqları hər zaman zəfər qazanıb 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı qələbə o tarixi zəfərlərin davamıdır, zəfərlərin sayını artırıb.
Tədbirdə qeyd edildi ki, “TÜRKSOY” ilk dəfə dəyişiklik edərək mükafatı Qarabağa, Vətən savaşına həsr edib.
Sonra “TÜRKSOY”un media mükafatının təqdimatı keçirildi. AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov da mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib. Bundan başqa, Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, tanınmış fotojurnalist Rza Deqqəti, “E –history kz” xəbər saytının baş redaktoru Arman Süleimenov, “NEXT TV” kanalının baş redaktoru Kutatbek Aibashov, human.az saytının baş redaktoru Muslümjon Mirzajonov və başqaları “TÜRKSOY”un media mükafatına layiq görülüblər.
“TÜRKSOY-un media mükafatı”na layiq görülmüş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Xorvatiya media nümayəndələrinin bir hissəsi Azərbaycana gəliblər və Azərbaycan media nümayəndələri ilə birlikdə 24-28 sentyabr tarixlərində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı nəzərdə tutulub.
İradə SARIYEVA