Şimali Kiprin Bakı təmsilçisi Azərbaycanın sahibkar xanımları ilə görüşdü

img

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram ölkəmizdə fəaliyyət göstərən bir qrup sahibkar xanımla görüşüb.

Baki-xeber.com-un xəbərinə görə, görüşdə “Azərbaycan – Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev də iştirak edib.

M.Beyazbayram sahibkar xanımları salamlayaraq bildirib ki, Azərbaycanın qazandığı möhtəşəm qələbədən qürur duyur: “44 günlük Vətən müharibəsi zamanı biz xalq olaraq qardaşlarımızın yanında idik və bu bizim qardaşlıq borcumuz idi. 30 illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarının azad edilməsi bütün dünyaya Türkün gücünü və qətiyyətini göstərdi”.

Daha sonra “Azərbaycan – Şimali Kipr” Dostluq Qrupunun rəhbəri Ramiz Alıyev çıxış edərək, Şimali Kiprin Bakı Təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayrama ölkəmiz üçün söylədiyi fikirlərinə və bugünki görüşə görə təşəkkür edib. Bildirib ki, sahibkar xanımlarla görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın qurulması və bu dostluğun-qardaşlığın gələcəkdə iqtisadi sahədə də özünü göstərməsidir.

Görüşdə iştirak edən sahibkar xanımlar da öz növbəsində görüşün təşkilinə görə həm Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyinə, həm də “Azərbaycan – Şimali Kipr” Dostluq Qrupuna təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, hər iki ölkənin xanım sahibkarları əməkdaşlıqda maraqlıdır və gələcəkdə böyük layihələr etməyi planlayırlar. Daha sonra görüş müzakirələr şəkilində davam edib.

Qeyd edək ki, görüşdə Günel Məmmədhəsənova - Tovuz Baltiya, Tovuz Retail, Jalə Amirbəyova- AMİİA sədr müavini, Gülbəniz Qənbərova- AKQA – sədri, Afət Əhmədova - Brightman MMC, Səidə Qasımova - Az Print MMC, Rəftarə Şükürova - Citrus Valley MMC, Reyhan Əliyeva- Reyahanla MMC iştirak edib.

Son xəbərlər