Müasir texnologiyalar, elektron xidmətlərin tətbiqi sayəsində bir çox sahələrdə vətəndaşların işi rahatlaşır. Bunlardan biri də naviqasiya xidmətinin - elektron xəritələrin tətbiqidir. Dünyanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan bu sistemdən ölkəmizdə də istifadə sayı getdikcə artmaqdadır. Çünki təyin olunan ünvanı tapmaqda bu sistem qısa zamanda köməkçimiz olur.
Bəzən istifadəçilər sistemin tamamilə düzgün işləməməsindən də şikayətlənirlər. Lakin bütün hallarda, sistem vətəndaşların işini asanlaşdırmaq üçün yaxşı vasitədir. Naviqasiya xidmətindən istifadə edən və bu barədə məlumatlı adamlar çox olsa da, bu sistem haqqında tam məlumatı olmayanlar da var.
Qeyd etdiyimiz kimi, naviqasiya proqramının əsas mahiyyəti yolu tanımayan şəxsə ünvanı düzgün göstərməkdir. Təəssüf ki, son zamanlar naviqasiya proqramından istifadə edənlər narazılıq edir. Onların narazılığına səbəb isə naviqasiya proqramının yanlış yol göstərməsidir. Bu səfər naviqator giriş qadağan olunan yolu alternativ yol kimi göstərərək sürücünün cərimələnməsinə səbəb olub. Naviqatorla hərəkət edən sürücü cərimə olunub.
Cərimələnən sürücünün istifadə etdiyi naviqasiya sistemi AzNav olub. Sürücünün bildirdiyinə görə, şəhərdə sıxlığın olub-olmamasını və tanımadığı yolları bu proqramın köməyi ilə öyrənir. Lakin sonuncu dəfə naviqator ona giriş qadağan edilən küçə ilə hərəkət istiqaməti göstərib.
Məsələ ilə bağlı AzNav şirkətindən bildirdilər ki, mobil tətbiqin məlumat bazasında olan məlumatlar rüblük və yarımillik dövrlərlə yenilənir. AzNav məlumat bazasında mövcud olan informasiyanın dəqiqliyinə zəmanət vermir. İstənilən yol-hərəkəti qaydalarının pozuntusuna görə cərimə və ya başqa cəza aldığınız halda, AzNav istənilən növ ziyan üçün məsuliyyət daşımır. Bu barədə tətbiq daxilində "Məsuliyyətdən imtina" bölməsində məlumat da verilib.
“Tez-tez ünvanlarla bağlı dəyişikliklər baş verir, yeni ünvanlar yaranır, buna görə də naviqasiya sistemi zamanla yenilənməlidir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, naviqatordan istifadə edənlər təyin edilən ünvana vaxt itirmədən gedib çıxa bilir. Bu, sistemin istifadəçilərə təqdim etdiyi ən böyük üstünlükdür: "Bu üstünlüyünə görə də dünyanın inkişaf etmiş bir çox ölkələrində naviqator geniş şəkildə tətbiq olunur. Təkcə nəqliyyat vasitələrində deyil, daşınan cihazlarda da naviqator istifadə etmək mümkündür. Bu, daim hərəkətdə olan insanların işini yüngülləşdirir. Məlumdur ki, tez-tez ünvanlarla bağlı dəyişikliklər baş verir, yeni ünvanlar yaranır. Buna görə də naviqasiya sistemi zamanla yenilənməlidir. Nə yenilik varsa, naviqasiya şirkəti bunu vaxtında istifadəçilərinə çatdırmalıdır. Əgər İnternetin effektiv işləməsi varsa, intensiv məlumat axınının təminatı baş verirsə, informasiya mərkəzi yeniləndikcə məlumatlar vaxtında istifadəçilərə çatdırıla bilər”.
Günel CƏLİLOVA