Sualda azad etdiyimiz ərazilərin coğrafiyasının əhatəli əks olunmağından söhbət gedir.
Prezident Əliyev yalnız 7 rayonun azad edildiyini yazan xarici media orqanlarına irad tutdu və əlavə etdi ki, Şuşa, Hadrut, Xocavəndin 60 faizi və Suqovuşanı da azad etmişik. Məncə, Prezident haqlı olaraq prinsipial fərqli mətləbləri aktuallaşdırdı.7 rayonun azad edilməsi və əlavə 4 rayonun da bu siyahıya salınması fərqli, həm də Azərbaycan üçün prinsipial əhəmiyyətli məsələdir.
Bu sözləri özünün Facebook sosial hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloq daha sonra fikirlərinə belə davam edir:
- Əvvəla, işğaldan azad edilmiş rayonlarımızın dəqiq coğrafiyasını niyə də hamının bildiyi fakta çevirməyək? Bu gün üçün ən müasir tariximizin real faktı budur, Prezidentin dediyi kimidir, tarix yarımçıqlıq sevmir...
İkinci, bütün dünyaya niyə də göstərməyək ki, Azərbaycanın hədəfi keçmiş Dağlıq Qarabağın təkcə ətrafındakı 7 rayonu yox, həm də bütün Dağlıq Qarabağı azad etməkdir?!
Üçüncü, dünya görməlidi ki, 7 rayon da, DQ-nin içindəki kənd və şəhərlər də tarixi və yeni, ən yeni Azərbaycan torpaqlarıdı.
Dördüncü, xalqımız 44 günlük müharibədə dəqiq olaraq hansı çərçivədə nailiyyət əldə etdiyini, 7 yox, daha artıq əraziləri azad etmək gücündə olduğunu niyə də bilməsin və bunu niyə də öz Prezidentindən eşitməsin?!
Beşinci, dünya bilməlidi və həm də bunu məhz Prezident bildirməlidi ki, biz keçmiş Dağlıq Qarabağın hələ heç də hamısını azad etməmişik, onu ya dincliklə qaytaracaqlar, ya da daha bir "44" günlük müharibə ilə bunu özümüz edəcəyik...