"Tərəfdaşlarımız bərabərhüquqlu dialoqa getsələr, NATO ilə əməkdaşlığa hazırıq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Əgər tərəfdaşlar qarşılıqlı hörmət və bərabərhüquqlu danışıqlara hazır olduqlarını təsdiqləsələr, biz hər zaman dialoqa hazırıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.
S. Lavrov qeyd edib ki, Rusiyanın NATO baş katibi Yens Stoltenberqin beynəlxalq tədbirlərin birində təmas qurmaqda maraqlı olduğu barədə məlumatı var: "Biz belə təmaslardan uzaq durmayacağıq".
"Birləşmiş Ştatlar təkbaşına heç bir problemi həll etmək iqtidarında deyil”. Bunu Rusiya xarici işlər naziri jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bu üzdən ABŞ koalisiyada dəyişikliklər etmək məcburiyyətindədir.
"Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir”, - deyə o vurğulayıb.
S. Lavrov həmçinin qeyd edib ki, ABŞ-ın qarşıdurmaya meyllənməsinə rəğmən, Rusiya "soyuq müharibə”ni istəmir və buna imkan verməyəcək.