Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Yəmənə səfəri təxirə salınıb. Bu barədə Trend çərşənbə günü Anadolu agentliyinə istinadən xəbər verir. Səfərin təxirə salınmasına səbəb Yəməndə vəziyyətin qeyri-stabil olmasıdır.
Türkiyə XİN rəhbərinin Yəmənə səfəri çərşənbə gününə planlaşdırılmışdı.
Dünən Yəməndə şiə üsyançıları - husitlər ölkə prezidentinin sarayına hücum ediblər. Bunu ölkənin informasiya naziri Nadiyə əs-Sakkaf bəyan edib.
Nazir "Twitter"-dəki mikrobloqunda yazıb: "Prezident Əbd Rəbba Mənsur Hadi rejimi devirməyə cəhd edən silahlı qrupun hücumuna məruz qalıb”.
Bu arada ölkə paytaxtında Prezident sarayının qarşısında husitlərin ordu ilə toqquşmasına son qoyulub.
"Əl-Ərəbiyyə” peyk telekanalının məlumatına görə, toqquşmalarda Prezident qvardiyasının iki hərbçisi həlak olub.