Son günlər ərzində Donetsk aeroportu ətrafında gedən ağır döyüşlərdə onlarla adam həlak olub və yaralanıb. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında döyüşlərin bütün təmas xətti boyu gücləndiyi barədə xəbər verilir.
Tərəflər biri-birini dinc əhaliyə qarşı cinayət törətməkdə ittiham edirlər. Donetsk və Luqansk vilayətlərinin şərqində bir neçə rayon artilleriya atəşinə tutulub. Tanınmamış "Donetsk Xalq Respubliksaı" nümayəndələri bir neçə dəfə Donetsk aeroportunun separatçıların tam nəzarət altında olduğunu bildiriblər. Ukrayna hərbiyyəsi isə hər dəfə bu cür bəyanatları təkzib edir.
Bu arada rəsmi Kiyev ölkədə qismən hərbi səfərbərlik elan edilib. Səfərbərlik 3 mərhələdə keçiriləcək və 7 ay çəkəcək. Bu dövr ərzində 100 min nəfəri Ukrayna ordusuna çağırmaq nəzərdə tutulub. Yeni hərbi qulluqçular 2014-cü ildən qulluq edən əsgərləri əvəzləyəcək.
Hərbi səfərbərliyin elan edilməsini rəsmi Kiyev "Rusiya Federasiyasının təcavüzkar hərəkətləri səbəbindən yaranmış real təhlükə ilə" əsaslandırır.
Ötən gün rəsmi Kiyev Rusiya ərazisindən sərhədi pozaraq Ukrayna ərazisinə Rusiya ordusunun iki batalyonun keçdiyini bildirib. Ancaq rəsmi Moskva Ukraynanın şərqində davam edən münaqişədə iştirakını inkar edir.
Qırmızı Xaç Komitəsi isə bildirir ki, Donetsk və onun ətrafında döyüşlərin yenidən başlaması komitənin işinə əngəl törədir. "Biz qarşıduran tərəfləri dinc sakinlərə xəsarət yetirməkdən çəkinməyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırırıq", komitənin Ukraynadakı missiyasının rəhbəri Mişel Masson bildirib.
O, eləcədə son 2 həftə ərzində ölkənin şərqində zorakılığın artmasından "dərin narahatlıq" hissi keçirdiyini bildirib.