Fransa, Əlcəzairdən «Charlie Hebdo» jurnalına hücumda şübhəli bilinən Kuaşi qardaşlarının bu ölkədə dəfn olunmasını tələb edib. Ancaq Əlcəzair rəsmiləri bu tələbi rədd edib.
Baki-xeber.com xəbər verir ki, Əlcəzair qəzeti «Ennahar» yazır ki, Fransa rəsmiləri 12 nəfərin ölümü ilə nəticələnən «Charlie Hebdo» dərgisini hədəf alan hücumun şübhəliləri Əlcəzair əslli Şərif və Səid Kuaşinin Əlcəzairdə dəfn edilməini istəyib. Ancaq Əlcəzair cənazələri təslim almaq üçün Fransadan gələn tələbi rədd edib.
Mövzu ilə əlaqədar qaynaqlara istinad edilən xəbərdə qəzet, Fransanın tələbinin rəsmi kanallarla bu ölkəyə çatdırıldığını bildirir. Qəzetə görə, Kuaşi qardaşları Əlcəzair vətəndaşı olmadığına görə, tələb dərhal və qəti etirazla rəsmilər tərəfindən rədd edilib.
Qəzet Fransanın iki şübhəlinin cənazələrinin Əlcəzairdə dəfn olunması tələbinin arxasındakı əsas səbəbin ölkənin təhlükəsizlik problemindən tam xilas olmaq istəməsilə izah edir.
Qeyd edək ki, «Charlie Hebdo»nun Parisdəki ofisinə, 7 yanvarda Kuaşi qardaşlarının etdiyi basqında 12 nəfər öldürülmüşdü.
Əlcəzair xarici işlər naziri Ramta isə şübhəlilərin heç vaxt Əlcəzairə gəlmədiklərini bildirib.