ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) Fələstin administrasiyasının müraciətinə müsbət yanaşması ilə bağlı narazılığını bildirib. Fələstin administrasiyası İCC-ə müraciət göndərərək İsrailin fələstinlilərə qarşı hərbi cinayətlərini araşdırmağı xahiş edib.
ABŞ Dövlət Departamentinin rəsmisi Jeff Rathke İCC-nin Fələstin administrasiyasının müraciətinə ilkin qaydada baxmaq qərarından ABŞ-ın narazı qaldığını bildirib: "Biz Fələstini dövlət saymadığımızdan onun İCC-ə üzv qəbul edilməsinə əsas olmadığını düşünürük".
İCC prokuroru Fatou Bensouda cümə günü Fələstin administrasiyasının bəyanatının ilkin yoxlanışına başlayıb. Fələstin administarsiyası bu qurum ərazisində İsrailin fələstinlilərə qarşı hərbi cinayətlər törətdiyini iddia edir.
İCC məlumatına əsasən, aparılacaq təhqiqat çərçivəsində "2014-cü il iyunun 13-dən fələstin ərazisində tərədilən cinayətlər" araşdırılacaq.
ABŞ Dövlət Departamenti bəyanatında İCC tərəfindən İsrailin işinə baxılmasını "faciəvi istehza" adlandırıb. Bundan əvvəl İCC qərarını İsrail də pisləmişdi.
Fələstin Milli administrasiyasının başçısı Mahmud Abbas dekabrın 31-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu deyilən sənədinə imza atmaqla bu təşkilata üzvlükdən istifadə edərək İsrail siyasətçiləri və hərbçilərinə qarşı iddia irəli sürmək niyyətində olduğunu bildirmişdi.
BMT Baş katibi Ban Ki-moon Fələstinin aprelin 1-dən İCC üzvü olacağını bildirmişdi. Mahmud Abbas Fələstin administrasiyasının İCC-ə üzv olması barədə qərarı BMT-də fələstinlilərlə bağlı qətnaməyə ABŞ tərəfindən veto qoyulduqdan sonra gəlmişdi.
ABŞ vetosu tətbiq edilmiş həmin qətnamədə BMT Təhlükəsizlik Şurası İsrail qoşunlarına 2017-ci ilin sonunadək Fələstin ərazisini tərk etməyi tapşırmışdı.