Suriya və İraqda böyük əraziləri ələ keçirən terror təşkilatı İŞİD Əfqanıstanda da fəallaşmağa başlayıb. Məlumata görə təşkilat buradakı tərəfdarlarına hərbi təlim keçmək üçün düşərgə də qurub. Əfqan təhlükəsizlik qüvvələri isə ölkənin cənubundakı Farah şəhərindəki düşərgəyə qarşı hərbi əməliyyat keçirməyə planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, Farah şəhərinin Hake Sefid mahalının məmuru Abdul Xaliq Nurzai 20 gündür İŞİD yaraqlılarının mahalda olduğunu bildirib: "Mahalda olan İŞİD üzvlərinin sayı təxminən 80 nəfərdir. Mazar Kala bölgəsində bir düşərgə qurublar və bu düşərgədə hərbi təlim keçirlər".
Mahaldakı yaraqlıların özlərini İŞİD üzvü kimi tanıtdığını, üzlərini gizlədiyini və İŞİD bayraqları daşıdığını deyən Nurzai, onların müasir silahlar və imkanlara sahib olduğunu bildirib. Nurzai İŞİD üzvlərinin ehtiyaclarını yüksək qiymətlə bölgədəki dükanlardan qarşıladığını bildirib.
Qrupa «Taliban»ın keçmiş komandiri olmuş iki qardaş liderlik edir. «Birinin adı Mevlevi Abdul Malik, digərinin adı da Mevlevi Abdul Razıkdır. Bu iki qardaş illərlə «Taliban» üzvü olublar, amma sonralar qovulublar. Buradakı İŞİD-çilər arasında «Taliban»dan qovulmuş başqa təşkilat üzvləri də var" - deyə Nurzai bildirir.
Farah şəhərində olan bəzi İŞİD üzvlərinin kənardan gəldiyini və bölgədəki xalqın onların dilini başa düşmədiyini deyən Nurzai, mahaldakı polislərin də onlarla döyüşəcək gücdə olmadığını iddia edib.
Bölgədəki təhlükəsizlik qüvvələri də Farahda İŞİD üzvlərinin olduğunu təsdiqləyib. Bildirilir ki, şəhərdə olan əfqan təhlükəsizlik qüvvələri İŞİD üzvlərinə qarşı koordinasiyalı şəkildə geniş diametrli əməliyyat keçirməyi planlaşdırır.