Alpinizm məqsədilə Antarktidaya gedən Rusiya Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Oleq Savçenkodan 1 sutkadır xəbər yoxdur.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının ictimaiyyət və KİV-lə əlaqələr üzrə idarəsinin rəisi Yuri Şuvaloiv deyib. "Onlar indi Antarktidadadır. Alpinizm və zirvələrin fəthi ilə bağlı planları vardı, lakin indi orada hava çox pisdir və biz ümid edirik ki, onlar öz ilkin planlarından imtina ediblər. Hazırda nəinki deputatların özü ilə, həm də onların baza kimi istifadə etdikləri qəsəbə ilə əlaqə yoxdur. Ümid edirik ki, rabitə əlaqəsi bərpa olunacaq və hər şey aydınlaşacaq”, - deyə Y. Şuvalov söyləyib.
Oleq Savçenkonun köməkçisi Emma Salimova bildirib ki, deputatlar dağa dırmaşmaq üçün baza düşərgəsindən ayrılıblar, lakin onların növbəti düşərgəyə çatıb-çatmadıqları barədə hələlik məlumat yoxdur və rabitə əlaqəsi itib.
Rusiya Antarktida Ekspedisiyasının (RAE) rəhbəri Valeri Lukin isə bəyan edib ki, deputatlar Antarktidaya getmək üçün qanunda nəzərdə tutulan icazəni almayıblar: "Mən başa düşmürəm ki, Dövlət Dumasının deputatları Antarktidaya necə gediblər. Hər hansı fiziki və hüquqi şəxs 2015-ci ildə Antarktidada dağa dırmanma fəaliyyəti üçün icazə almayıb. Bizə bu barədə müraciət edilməyib”.