DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabrın 3-də gecə saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib. Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər.
Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüb. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməyə görə yol polisi əməkdaşlarına minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını deyiblər.
Hazırda ana və övladının vəziyyəti yaxşıdır.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı