Elçin Rüstəmov: “Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da otellərin xidmət səviyyəsini araşdıran xüsusi komissiya yaradılmalıdır”
Xəbər verildiyi kimi, Azərbaycanda otelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq. Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Otel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda otelçilik sahəsində ulduz verilməsi sistemində problemlər mövcuddur. F.Nağıyev bununla yanaşı, otellərdə mövsümilik probleminə də diqqət çəkib. Agentlik sədri deyib ki, bunun aradan qaldırılması üçün müvafiq işlər görülür: “Bakıda və regionlarda nisbətən daha kiçik olan otellərin fəaliyyətini stimullaşdırmaq üçün də tədbirlər görülür. Azərbaycanda turizm sahəsinin inkişafı üçün işlər görülüb, amma həlli vacib olan işlər də var. Turizm sahəsində otelçilik əsas yer tutur. Otelçilik sahəsində gözəçarpan ən əsas amil xidmətdir. Bu sahədə problemlər mövcuddur, onların həlli üçün işlər görülür".
Ekspertlərin fikrincə, otelçilik sahəsində hazırda ulduz verilməsi prosesində müəyyən problemlər var. Bəzən elə otel olur ki, 5 ulduzlu kimi fəaliyyət göstərsə də, əslində, onun göstəricisi 4 ulduzlu sayılır. Bu səbəbdən də ekspertlər otelçilik sahəsində yeni təsnifat proqramının qəbul olunmasını müsbət sayırlar.
"New ERA Travel” şirkətinin direktoru, turizm eksperti Elçin Rüstəmov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda Azərbaycan otellərinin ulduz təsnifatında problemlər yaşanır: “Məlumat üçün bildirim ki, dünyada oteldə ulduzların xidmət səviyyəsini müəyyən edən xüsusi yoxlama komissiyaları var. Həmin yoxlama komissiyaları mütəmadi olaraq otellərin ulduzlarını xidmət səviyyəsinə görə araşdırır. Otelin xidmət səviyyəsi standarta uyğun deyilsə, dərhal ulduz sayı azalır. Təəssüf ki, ölkəmizdə oteldə ulduzların təsnifatlaşdırılmasında müəyyən problemlər var. Belə ki, bəzi otellərdə xidmət səviyyəsi standarta uyğun deyil. Bunu tək yerli turistlər deyil, ölkəmizə gələn əcnəbilər də təsdiq edirlər. Bu hal tək otelin mənfi halı deyil, eyni zamanda, ölkənin turizm sektoruna da təsir edir. Adətən turistlər qaldığı otelə əsasən ölkənin imicini formalaşdırırlar.
Onu da deyim ki, ölkəmizdə dünya standartına cavab verən və ulduz təsnifatına tam uyğun olan otellərimiz var”.
Həmsöhbətimizin sözlərinə görə, otellər ulduz sayına görə xidmət səviyyəsini tam şəkildə təmin etməlidirlər: “Hesab edirəm ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da otellərin xidmət səviyyəsini araşdıran xüsusi komissiya yaradılmalıdır. Hazırda qeyd olunan sahədə problemin həll olunması üçün dövlət səviyyəsində müəyyən işlər görülür. Otellərin ulduz sayına təsnifatlaşdırılması bu sektorun inkişafına səbəb olacaq”.
Ekspert onu da vurğuladı ki, turizm sahəsinin inkişafı üçün otel əməkdaşlarının peşəkarlığının artırılmasına ehtiyac var.
Günel CƏLİLOVA