Nadir İsrafilov: “Dövlət tərəfindən stimullaşdırıcı addımlar atılır”
Azərbaycanda son 20-25 ildə orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının kəskin azalması təhsil sahəsində bir sıra problemlərin yaranmasına səbəb oldu. Gizlin deyil ki, bir sıra məktəblərin pedaqoji heyəti tamamilə qadınlardan ibarətdir.
Məktəb rəhbərləri arasında da kişilərin azlıq təşkil etməsi faktdır. Uzun illərdir kişi müəllimlərin sayının azalması, kişilərin pedaqoji fəaliyyətə maraq göstərməməsi və bu amilin təlim-tərbiyə işinə vurduğu zərər müzakirə predmetinə çevrilib. Heç şübhəsiz ki, bu məsələ əlaqədar qurumları da ciddi düşündürürdü. Kişilərin pedaqoji fəaliyyətə cəlb edilməsi məsələsi müvafiq dövlət qurumları tərəfindən müzakirə edilir, bunun həlli yolları axtarılırdı.
Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadənin verdiyi məlumata görə, müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır.
O, həmçinin, vurğulayıb ki, Bakıda qadın, bölgələrdə isə kişi direktorlar çoxdur.
“…Ümumilikdə isə ölkədə təhsil sistemində qadınların payı kişilərdən daha çoxdur. Amma müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, bu sahədə kişilərin sayının artması tendensiyası var, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır”.
Son zamanlar kişilərin pedaqoji sahəyə marağının artması nə ilə bağlıdır?
Tanınmış təhsil ekperti Nadir İsrafilov bizimlə söhbətində bildirdi ki, kişilərin bu sahəyə maraq göstərməsi birbaşa dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətlə, gördüyü tədbirlərlə bağlıdır. “Kişilərin pedaqoji fəaliyyətə cəlb olunması üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılır. Bilirsiniz, son zamanlar müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların öz peşələrinə həvəslərinin güclənməsi üçün əməkhaqqı qaldırıldı. Şübhəsiz ki, müəllimlərin əməkhaqqının artırılması kişilərin pedaqoji fəaliyyətə maraq göstərməsinə müsbət təsir edir. Kişilərin pedaqoji sahəyə cəlb edilməsində inkişaf var. Bu tendensiya davam edir. Fakt budur ki, orta məktəblərdə kişi müəllimlərin tədrislə məşğul olması son dərəcə vacibdir. Qadın müəllimlə kişi müəllim arasında böyük fərq var. Bu ən çox özünü təlim-tərbiyə işində göstərir. Oğlan şagirdlərdə kişilik xarakterinin, davranışlarının formalaşmasında kişi müəllimlərin ayrıca yeri var. Vaxtilə orta məktəblərdə kişi müəllimlər qadın müəllimlərdən çox idi. Sonra vəziyyət dəyişdi, müəllimlərin məvacibi ürəkaçan olmadı. Bu səbəbdən də kişilər pedaqoji fəaliyyətdən kütləvi olaraq uzaqlaşdılar. Aldıqları pulla ailə saxlamağın mümkün olmadığını görüb bu sahədən uzaqlaşdılar. Təəssüf ki, onların çoxu müəllimliyi atıb taksi sürməyə başladılar, alver etdilər, suvaqçılıqla, bənnalıqla məşğul oldular. Bu gün isə müəllimlərin əməkhaqqı qalxır. Bu da kişi müəllimlərin yenidən pedaqoji fəaliyyətə maraq göstərməsinə səbəb olan əsas amildir” - deyə bildirən N.İsrafilovun sözlərinə görə, İsveçrə və digər ölkələrdə həm orta, həm də məktəbəqədər təhsildə kişi müəllimləri üstünlük təşkil edirlər. Pedaqoji sahədə qadın-kişi balansının ciddi qorunmasına ehtiyac var. O ümid edir ki, dövlət qayğısı sayəsində yaxın gələcəkdə bu sahəyə kişi müəllimlər daha kütləvi axın edəcəklər.
İradə SARIYEVA