Azər Həsrət: “… peşə davranışı qaydalarına zidd davranıblar”
Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Kişi bunu xəyanətə görə etdiyini iddia edir. Sosial şəbəkədə foto və videonu həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı iddia olunur. Məlum foto və video yayılandan sonra elektron saytlar həmin paylaşımı xəbər halına çevirərək yayımlayıblar. Beləliklə, həmin saytlar vasitəsilə əri tərəfindən saçı qırxılan qadının foto və videosu daha da geniş formatda yayılıb.
Maraqlıdır, saytlar nə üçün qadının sifəti tam şəkildə görünməklə bunu ictimailəşdirir? Bu kimi hadisələrdə qadın və ya kişinin fotosunun açıq şəkildə yayılması nə dərəcədə düzgündür? Bunu edən media qurumlarını nə kimi cəza gözləyir?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum hadisə ilə bağlı qadının foto və ya videosu hansı elektron saytda verilibsə, iddiaçı tərəf onu məhkəməyə verib, təzminat tələb edə bilər. İstənilən hadisənin qurbanı məhkəməyə müraciət etməsə belə, media bu kimi hadisələrdə çox həssas davranmalıdır: “Bu kimi hadisələrdə tək qadını deyil, eyni zamanda, onun ailəsini də düşünmək lazımdır. Bir neçə gün öncə baş verən hadisədə media etikası tam şəkildə pozuldu. Videonu yayan media qurumları istər Azərbaycan jurnalistlərinin, istərsə də beynəlxalq səviyyədə qəbul olunan jurnalist peşə davranışı qaydalarına zidd davranıblar. Bu hal jurnalistikaya xəyanət hesab olunur. Bu səbəbdən də hesab edirəm ki, məlum hadisəni açıq şəkildə ictimailəşdirən media qurumları ilə bağlı sərt mövqe göstərilməlidir. Azərbaycan Mətbuat Şurası bu olaydan hərəkət edərək xüsusi müzakirə təşkil etməli, aparıcı media qurumlarının təmsilçilərinin iştirakı ilə baş verən hadisə müzakirə olunmalıdır. Bu cür olaylarda ad və soyad yazılmamalı, şəxsin fotosu isə görünməməlidir. Şəxsi, məişət xarakterli məsələlər mediada geniş şəkildə yayılmamalıdır. Bu tip mövzular media vasitəsilə deyil, ailə daxilində müzakirə olunmalıdır”.
Günel CƏLİLOVA