Ərşad Hüseynov: “Sürücülük vəsiqəsi olan hər kəsə avtobus verib, ictimai nəqliyyatı idarə etməyi tapşırmaq düzgün deyil”
Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi mediatur zamanı deyib. İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".
V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar".
Ekspertlər də ictimai nəqliyyatda sürücü probleminin olduğunun bildirirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün ictimai nəqliyyatda sürücü çatışmazlığı yaşanır. Bu problem hazırda qabarıq şəkildə özünü büruzə verir: “Hazırda Bakı şəhərində D və DE kateqoriyası olan, avtobus idarə etmək istəyən sürücülərin sayı azdır. Bu kateqoriyaya malik sürücülük vəsiqəsi olan şəxslərin bir qismi peşə səviyyəsi, işə yanaşması baxımından avtobus idarə etmək üçün hazır deyil. Bu baxımdan sürücülük vəsiqəsi olan hər kəsə avtobus verib, ictimai nəqliyyatı idarə etməyi tapşırmaq düzgün deyil”.
Həmsöhbətimizin sözlərinə görə, peşəkar avtobus sürücülərinə bu gün ehtiyac var: “Peşəkar sürücülər hazırlayan məktəblərə xüsusi diqqət yetirmək lazımdır. Həmin məktəblərdə real dərslər keçirilməlidir. Vəsiqə əldə edəndən sonra da avtobus sürücüləri üçün xüsusi hazırlıq kursları təşkil olunmalıdır. Onların avtobusu necə idarə edəcəyi yoxlanılmalıdır. Həmçinin, sürücülər vaxtaşırı yoxlanılmalıdırlar. Bununla yanaşı, avtobus sürücülərinin normal iş və istirahət saatı təmin olunmalıdır. Təəssüf ki, bu gün sürücülər 8 saatdan da artıq çalışırlar. Təbii ki, sürücülərin normadan artıq çalışması onların işinə də təsir edir. Sürücü sayı normal səviyyədə olarsa, daşıyıcılar sürücü problemi yaşamaz. Sürücü sayının artırılması üçün bu sahəyə diqqət ayrılmalıdır. Sürücüləri stimullaşdırmaq lazımdır”.
Günel CƏLİLOVA