DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 28 -də Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu Qobuqıraq kənd sakini, 11 yaşlı M.Y.-nın itməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 11 yaşlı oğlan uşağı rayonun Zərdabi qəsəbə ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən oğlanın ailəsi ilə əlaqə saxlanaraq onlar polis şöbəsinə dəvət olunub və övladları M.Y. tam sağlam olaraq ailəsinə təhvil verilib.
Uşağın valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.