Kamran Əsədov: “Təəssüf ki, informasiya texnologiyaları sahəsində peşəkar kadr yetərincə olmadığı üçün, keyfiyyətli elektron vəsait hazırlanmır”
“Azərbaycan dilində elektron və interaktiv dərsliklərin yoxluğu narahatlıq doğurur". Bunu Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib. O bildirib ki, Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur.
A.Məşədiyeva qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.
Azərbaycan dilində elektron və interaktiv dərsliklərin məhdud olması ilə ekspertlər də razılaşırlar.
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2011-ci ildə imzalanan sərəncama əsasən, orta ümumtəhsil və ali məktəblərdə dərslər elektron resurslar vasitəsilə oxuculara çatdırılmalıdır. Bu sahədə 2014-cü ildə Təhsil Nazirliyi müəyyən işlər görməyə başladı: “Belə ki, orta ümumtəhsil məktəbləri şagirdlərinin istifadəsində olan bütün dərsliklər Təhsil Nazirliyinin müvafiq portalında yerləşdirilib. Sadəcə, elektron portaldan istifadə sayı azdır. Məlumat üçün bildirim ki, bu gün orta məktəblərdə 1,5 milyondan artıq şagirdin təhsil almasına baxmayaraq, elektron portaldan istifadə sayı 100 mindir. Bu olduqca aşağı rəqəmdir”.
Həmsöhbətimizin sözlərinə görə, elekron resursların sayının az olmasının səbəblərindən biri ölkədə internetin qiymətinin yüksək olmasıdır. Digər səbəb isə elektron resursların çəkisinin kifayət qədər çox olmasıdır: “Hər hansı bir materialın həcminin böyük olması yüklənməyə təsir göstərir. Bu sahənin inkişafı üçün dünya təcrübəsindən yararlanmaq lazımdır”.
K.Əsədov bildirdi ki, elektron resurslar kağız daşıyıcılardan üstündür. İlk növbədə hər hansı bir materialı qısa müddətdə əldə etmək zərurəti nəzərə alınmalıdır: “Təəssüf ki, informasiya texnologiyaları sahəsində peşəkar kadr yetərincə olmadığı üçün, keyfiyyətli məhsul hazırlaya bilmirik. Bu səbəbdən də insanlar çap məhsullarına üstünlük verir”.
Günel CƏLİLOVA