Aydın Mirzəzadə: “Parlamentdə olduğum dövrdə millət vəkillərinin bahalı hədiyyə almasının elə də şahidi olmamışam”
Məlum olduğu kimi, Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda təsdiq edilib.
Qanunda bir sıra diqqətçəkən məqamlar var. Belə ki, qanuna edilən dəyişikliyə əsasən, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər. Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.
Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.
Ümumilikdə, sözügedən qanundan irəli gələn məqamların tətbiqi və bununla bağlı mexanizmin yaradılması maraq doğurur. Məsələ ondadır ki, bunun necə müəyyən ediləcəyi bir sıra suallar yarada bilər. Məsələn, deputatın ad günündə onun yaxın qohumları ona hər hansı bir suvenir hədiyyə edə bilər. Həmin hədiyyənin qiyməti 55 manatdan bir az yuxarı ola bilər. Yaxud da hədiyyə təqdim olunan gün bazarda qiymətlər dəyişsə, o zaman bu necə tənzimlənər? Tutaq ki, hədiyyə bir müddət əvvəl alınıb, amma təqdim olunan gün qiymətlər yüksək olur. O zaman məsələ necə tənzimlənməlidir? Bütün hallarda, dəyişikliyin deputatlar üçün hansı üstünlükləri və çətinlikləri olacaq? Bunun mexanizmi necə tənzimlənəcək?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Aydın Mirzəzadə bir sıra məqamlara toxundu: “Əvvəla belə qadağalar dünyanın bir sıra ölkələrində var. Məsələ ondadır ki, cəmiyyət seçdiyi insanların fəaliyyətinin müəyyən normalar içərisində olmasına hər zaman maraq göstərir. O baxımdan belə bir qadağanın olmasına müsbət baxıram. Hesab edirəm ki, doğrudan da deputat öz fəaliyyətində həmişə qanunları üstün tutmalı və kənardan hər hansı bir hədiyyənin verilməsi məsələsində çox diqqətli olmalıdır. Qeyd edim ki, burada söhbət məhz bahalı hədiyyələrin alınmasından gedir. Çünki 55 manatdan yuxarı hədiyyə bahalı sayılır. Belə məbləğdə hədiyyələrin alınması deputatın hədiyyə aldığı insanlardan, ən azından, psixoloji və mənəvi cəhətdən asılı olmasına gətirib çıxara bilər. Bu, eyni zamanda, parlamentin üzvlərinə hədiyyə məsələsində kifayət qədər diqqətli olmaq barədə bir xəbərdarlıqdır. Onu da qeyd edim ki, parlamentdə olduğum dövrdə millət vəkillərinin bahalı hədiyyə almasının elə də şahidi olmamışam. Düzdür, suvenirlər, qələmlər, stolüstü naborlar şəklində hədiyyələr olub. Ancaq birincisi, bu bir sistem deyil, ikincisi isə deputatların buna heç ehtiyacı da yoxdur. O ki, qaldı verilən hədiyyələrin qiymətləndirilməsi məsələsinə, bunun üçün əlbəttə ki, gələcəkdə dəqiq bir mexanizmin hazırlanmasına ehtiyac var. O üzdən, hesab edirəm ki, hədiyyələrin qiymətləndirilməsi ilə bağlı mexanizm hazırlanmalıdır”.
Vidadi ORDAHALLI