Sevinc Ağayeva: “Bu gün dövlət öz üzərinə düşən vəzifəni yetərincə yerinə yetirib, əsas iş ictimai qurumların və dil mütəxəssislərinin üzərinə düşür”
Bu gün ana dilimizin saflığını qorumaq, onu yad təsirlərdən mühafizə etmək başlıca vəzifəmizdir. Qloballaşma şəraitində dövlət dilimizin yaşaması, inkişaf etməsi dövlətin əsas hədəflərindən biridir. Əlbəttə, ana dilimizin qorunması, onun yad ünsürlərdən xilas edilməsi üçün yalnız dövlət qurumları, dilçilər, yazıçılar, KİV təmsilçiləri deyil, sadə vətəndaşlar da bu məsələdə fəallıq göstərməlidirlər.
Son dövrlər Azərbaycan dilinə bir sıra elmi-texniki terminlərin, əcnəbi sözlərin daxil olması dilimizdə müəyyən problemlər yaradıb. Bu baxımdan ki, dilimizdə həmin əcnəbi sözlərin qarşılığı olan ifadələrin işləkliyi ikinci plana keçir.
Sirr deyil ki, ölkəmizin hər bir yerində şadlıq evlərindən tutmuş, mağazalara, gözəllik salonlarına qədər bir çoxuna əcnəbi adlar verilir. Bu azmış kimi, həmin müəssisələr özləri də əcnəbi adlarla adlandırılır. Məsələn, dilimizdə “mağaza, dükan” sözü olduğu halda, biz market deyirik. Halbuki, market əvəzinə kiçik dükan, supermarket əvəzinə böyük dükan deyə bilərik. Bəzən ictimaiyyət özü dilimizin işləkliyinə biganə qalır.
Bu gün şadlıq sarayı “palas”, gözəllik salonlarına “Beauty saloon”, işıqfora “svetafor” da deyənlər çoxdur. Hələ də dayanacağa “ostanovka” deyirik. Ümumiyyətlə, dilimizdə qarşılığı olan sözlərin, adların əvəzinə əcnəbi sözlərin işlədilməsi həqiqətən də müsbət hal deyil.
Dilçi Sevinc Ağayeva bizimlə söhbətində bildirdi ki, ana dilimizin işləkliyinin təmin edilməsinə bütün sahələrdə əhəmiyyət verilməlidir. O hesab edir ki, elmi mətnlərdə terminlərdən, texniki sözlərdən istifadə edilməsi vacibdir. Onun sözlərinə görə, lakin ictimaiyyət tərəfindən əcnəbi sözlərin mütəmadi işlədilməsi, bunun yazıya gətirilməsi, müəssisələrə verilməsi müsbət qarşılana bilməz. Mümkün qədər dilimizin qorunmasına çalışmalıyıq. Bəzi brend mağazaları, biznes mərkəzləri istisna olmaqla, digər müəssisələrin adlarının ana dilimizə uyğun adlandırılmasının vacibliyini deyən S.Ağayevanın fikrincə, zəruri hallarda dilimizlə yanaşı, əcnəbi dillərdə də sözlər yazıla bilər, ancaq bu sözlər dilimizdən sonra gəlməlidir. “Ana dilimizin müdafiəsi istiqamətində dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu çox müsbətdir. Dilimizin işləkliyinin bütün sahələrdə təmin olunması əsas hədəfimiz olmaldır. Biz dilimizi qorumaq istəyiriksə, onu yad təsirlərdən qorumalıyıq. Vətəndaşlar dilin saflığı uğrunda mübarizə aparmalıdırlar. Dilimizdə xəstəxana sözü olduğu halda biz “klinika” deyirik. Yaxud mağaza deməli olduğumuz halda “market” deyirik. Ümumiyyətlə, çalışmalıyıq ki, bu məsələdə dilimizi qoruyaq. Bəzən deyirlər ki, bu kimi ictimai məsələləri hüquqi yolla tənzimləmək lazımdır. Xeyr, belə deyil. Bu işə maarifçilik yolu ilə nail olmalıyıq ki, görülən işlərin nəticəsi olsun. Şəhərdə mağazaların çoxunun adı əcnəbi dildədir. “Beybi şhop” yazılır uşaq geyimləri satılan dükanların adına. Bunu “shop” yazınca elə mağaza yazın. Belə problemlər çoxdur. Düşünürəm ki, bu kimi məsələlərlə bağlı əməli işlər görülməlidir. Bu gün dövlət öz üzərinə düşən vəzifəni yetərincə yerinə yetirib, əsas iş ictimai qurumların və dil mütəxəssislərinin üzərinə düşür. Müəssisələrin, mağazaların və digər ictimai-sosial məkanların adlarının əcnəbi dildə ifadə edilməsinin aradan qaldırılması üçün maarifçilik tədbirlərinə başlanmalıdır. İnsanlara anlatmaq lazımdır ki, bu sözün ana dilimizdə qarşılığı olduğu halda, əcnəbi sözdən istifadə edilməsinə ehtiyac yoxdur. Heç görün hansısa bir xalq öz qurduğu müəssisəyə, quruma Azərbaycan dilində ad verərmi? Ancaq biz bu məsələyə nədənsə ciddi yanaşmırıq” - deyə S.Ağayeva bildirdi.
O hesab edir ki, iş adamları, mağaza sahibləri, ictimaiyyət nümayəndələri özləri dilimizin qorunmasında vətəndaşlıq mövqeyi sərgiləməlidirlər.
İradə SARIYEVA