Eyyub Hüseynov: “Ölkədə satılan mürəkkəb texniki cihazların, avtomobil cihazlarının, məişət avadanlıqlarının məlumat kitabçaları milli dildə hazırlanmayıb” Anar Ramazanov: “... İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbinin pozulmasıdır”
Satışda olan elektron və məişət avadanlıqlarının məlumat kitabçaları Azərbaycan dilində deyil. İstənilən elektron avadanlığın məlumat kitabçası əsasən ingilis və ya rus dilində olur. Belə olan halda, vətəndaşlar yeni alınan məişət və elektron avadanlıqlarının məlumat kitabçalarının xarici dillərdə olmasından narazılıq edirlər. Məlumat kitabçalarının xarici dildə olması vətəndaşlarda narahatlıq yaradır. İnsanlar həmin avadanlıqların texniki xüsusiyyətləri barədə məlumat ala bilmirlər.
Qeyd edək ki, qanunverciliyə əsasən, istər reklam, istərsə də ölkəyə idxal olunan hər hansı bir məhsul barədə məlumat mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, hər kəs xarici dili bilmir. Bu səbəbdən vətəndaşların rahatlığı üçün məişət avadanlıqlarının məlumat kitabçaları Azərbaycan dilinə tərcümə olunmalıdır.
Əslində, bu kitabçaların Azərbaycan dilinə tərcüməsi elə də çətin bir proses deyil. Bunun üçün məhsulun Azərbaycanda satışını həyata keçirən şirkətin istehsalçı şirkət qarşısında tələb qoyması kifayət edir. Şirkət də, öz növbəsində, müştəri məmnuniyyətini nəzərə alaraq həmin kitabçalara Azərbaycan dilində də məlumat əlavə edir. Sayı az olsa da, Bakıda məlumat kitabçası Azərbaycan dilində olan və xaricdə istehsal edilən məişət avadanlıqlarına rast gəlinir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında" və “İstehsalçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda və Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilir ki, Azərbaycan əmtəə bazarında bütün malların sənədləri xarici dillə yanaşı, Azərbaycan dilində olmalıdır: “Əslində, hansısa məhsul haqqında müşayiətedici sənəd xarici dildə olarsa, onun ölkədə satışı qadağandır. Onu da bildirim ki, bir çox xarici ölkələrdə, o cümlədən qonşu dövlətlərdə də bütün məhsulların məlumat içliyi mütləq doğma dildə olmalıdır. Problemin həll olunması üçün Azad İstehlakçılar Birliyi dəfələrlə təşəbbüs göstərib. Hətta 6 ay öncə ayrı-ayrı firmalara müraciət etdik ki, onların idxal etdiyi məhsulların məlumat içliyini tərcümə etməyə hazırıq. Ancaq bizə bu barədə hər hansı bir cavab verilmədi”.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə satılan mürəkkəb texniki cihazların, avtomobil cihazlarının, məişət avadanlıqlarının məlumat kitabçaları milli dildə hazırlanmayıb: “Bu işdə aidiyyəti qurumlar fəal olmalıdırlar. Bu işdə hər kəs fəal olmalıdır. Təşkilatımız bu sahədə əməkdaşlıq etmək istəyən hər kəsə köməklik göstərməyə hazırdır.
Nəzərə almaq lazımdır ki, istehlakçıların aldığı mal haqqında milli dildə informasiya əldə etmə hüquqi var. Təəssuf ki, istehlakçıların bu sahədə hüquqları pozulur”.
Birlik sədri qeyd etdi ki, şirkətlər partnyorları ilə müqavilə bağlayan zaman sənədə qeyd etməlidirlər ki, Azərbaycanın əmtəə bazarına daxil olan məhsulların içliyi mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır. Bu proses mütləq həll olunmalıdır. Milli dildə markalanmayan məhsulun ölkədə satışına icazə verilməməlidir: “Bu iş görülərsə, qaçaqmal yolu ilə gətirilən məhsullar qanuni qaydada gətirilən mallardan seçilər. Belə olarsa, bazarda vəziyyət müsbətə doğru dəyişər”.
Hüquqşünas Anar Ramazanov isə deyir ki, Azərbaycana gətirilən malın etiketinin dövlət dilində olmaması, birmənalı olaraq, ''İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbinin pozulmasıdır. Sözügedən qanunun 13-cü maddəsində bu məsələ ətraflı şəkildə öz əksini tapıb.
Hüquqşünasın sözlərinə görə, istehlakçıların hüquqlarının pozulması nəticəsində vətəndaşa 300 manata qədər ziyan dəyərsə, vəzifəli şəxslər 1500-2000 manat, hüququ şəxslər isə 4000-6000 manat cərimə edilə bilər. İstehlakçıya dəyən ziyan 300 manatdan çox olarsa, bu halda malı satan şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.
Günel CƏLİLOVA