Nahid Bağırov: “Turizm sahəsində nailiyyət əldə etmək istəyiriksə, potensialı uzaqda deyil, qonşu ölkələrdə tapmaq lazımdır”
Azərbaycanla Rusiya turizm sahəsində əməkdaşlıq edəcək. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Məlumat üçün bildirək ki, Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin.
Azərbaycanın Rusiya ilə turizm sahəsində əməkdaşlıq etməsi hər iki ölkənin turizm sektorunun inkişaf etməsinə səbəb olacaq. Ekspertlərin fikrincə, imzalanan saziş həm turist axınına, həm də qeyd olunan sahədə inkişafın baş verməsinə səbəb olacaq.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Rusiya ilə turizm haqqında sazişin imzalanması bu sahənin inkişaf etməsinə səbəb olacaq: “Turizm sahəsində nailiyyət əldə etmək istəyiriksə, potensialı uzaqda deyil, qonşu ölkələrdə tapmaq lazımdır. Yaxın qonşular bu sahədə ən böyük dəstək ola bilər. Azərbaycan turizm sahəsində Rusiya ilə yaxşı əməkdaşlıq edə bilər. Çünki Rusiya bu sahədə böyük potensiala malikdir. Nəzərə almaq lazımdır ki, dünya arenasında rusiyalı turistlər ən sevilən kateqoriyaya aiddir. Çünki rus turistləri getdikləri ölkədə şoppinq etməyə maraqlıdırlar. Bir sözlə, onlar ən çox pul xərcləyən turistlər sayılır. Rus turistləri bəzi ölkələrin vətəndaşlarından fərqli olaraq, oteldə qalmaqla kifayətlənmirlər. Onlar səyahət etdikləri ölkənin büdcəsinə müəyyən dərəcədə dəstək olurlar”.
Həmsöhbətimiz hesab edir ki, turizm sahəsində Rusiya ilə sıx əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Onu da deyim ki, Azərbaycandan da Rusiyaya kifayət qədər turist gedir. Əsasən azərbaycanlılar müalicəvi turizm üçün Rusiyanın müxtəlif bölgələrinə yollanırlar”.
Günel CƏLİLOVA