Nizami rayonu paytaxtın iri sənaye müəssisələrinin, ən müxtəlif təyinatlı çoxsaylı iaşə obyektlərinin, dövlət və özəl qurumların yerləşdiyi inzibati ərazi vahidlərindəndir. Bu mənada Rayon Mühafizə İdarəsi gündəlik xidmətini müasir dövrün tələblərinə uyğun qurmaqla, fəaliyyət dairəsini daha da genişləndirir. Aparılan zəruri təbliğat və izahat işlərinin nəticəsində mühafizəyə qəbul olunan obyektlərin sayında artım qeydə alınır.
Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması əsas diqqətçəkən məqamlardandır.
İdarədə olarkən öyəndik ki, ümumi sahəsi 600 kvadratmetr olan inzibati bina sonuncu dəfə 2005-ci ildə təmir olunsa da, xidmətin müasir tələblər şəraitində qurulması üçün hazırda burada əsaslı təmir və yenidənqurma işləri aparılır. Üçmərtəbəli binanın bütün otaqları yenidən zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, Növbətçi hissə, yeməkxana və digər yardımçı sahələr artıq istifadəyə verilib. Binada havalandırma, mərkəzi istilik sistemi, rabitə-kommunikasiya və elektrik xətləri də yenilənib.
Hazırda binanın fasadında da təmir, yenidənqurma işləri yüksək zövqlə, müasir dizayna uyğun olaraq davam etdirilir. Bundan sonra ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri də yerinə yetiriləcək.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı