İlqar Orucov: “Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın imzalanması müvafiq qurumların üzərinə bir sıra vəzifələr qoyur”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilib.
Dövlət İmtahan Mərkəzi Sərəncamla təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verəcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamla təsdiq edilmiş Strategiyanın 2019-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
“Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq olunması ilə bağlı fikir bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” çox vacib bir sənəddir. Nəzərə almaq lazımdır ki, qeyd olunan Strategiya hüquqi bazanın möhkəmlənməsi, dövlət qulluqçularının hazırlanması, onların peşəkarlığının artırılmasına səbəb olacaq”.
Həmsöhbətimiz hesab edir ki, “Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın imzalanması müvafiq qurumların üzərinə bir sıra vəzifələr qoyur: “Eyni zamanda, hər bir məmur nəzərə almalıdır ki, onlar dövlət qulluqçusudur. Onlar xalqın xidmətçisi olmalıdırlar. Strategiya dövlət qulluqçusunun məmur deyil, xalqın xidmətçisi olduğunu bir daha bildirir”.
Günel CƏLİLOVA