DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda yerləşən 3 saylı tam orta məktəbdə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin Dini qurumlarla iş üzrə zona təmsilçiləri, Təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak edib.
RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov çıxış edərək insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan və cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın zərərli hallarından söhbət açıb, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən ölkəmizdə narkomaniyanın yayılması hallarının qarşısının alınması istiqamətində aparılan mübarizədən söhbət açan polis mayoru şagirdlərə pis vərdişlərdən uzaq durmağı, savadlı və sağlam bir fərd kimi böyümələrini məsləhət görüb.
Dini radikalizm haqda çıxış edən RPŞ-nin əməkdaşları, polis baş leytenantı Fərahim Qasımov və polis leytenantı Kamran Muxtarov ölkəmizdə tolerantlığın mövcud olduğunu qeyd edərək, hər bir şəxsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib.
Erkən nikahlar mövzusuna toxunan tədbir iştirakçıları erkən nikahın gənc ailələrdə yaratdığı problemlərdən söz açıb. Dinləyicilərə yüksək təhsil almaları, xarici dil, informasiya texnologiyalarını öyrənmələri, idmanla yaxından məşğul olmaları, milli-mənəvi dəyərlərimizə dərindən yiyələnmələri tövsiyə olunub.
Görüşdə iştirak edən nümayəndələr Siyəzən RPŞ-nin təşkilatçılığı ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli-mənəvi dəyərlərin qorunub-saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildiriblər.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıb.