Şəmsəddin Əliyev: “Bu həm də istehlakçılarla sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir edir”
Məlum olduğu kimi, Xətai Rayon Polis İdarəsinin rəhbərliyi daha bir ilkə imza atıb. Adətən təhsil ocaqlarına görüşə gedən polislərimizin bu dəfə “qonağı” sahibkarlar olub. Belə ki, RPİ-nin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə “Mülkiyyətin qorunması və mühafizə işinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan idarə rəisi, polis polkovniki Muradəli Babayev bildirib ki, bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün dövlətimiz tərəfindən münbit şərait yaradılıb. Azərbaycanda işsizlik, yoxsulluq səviyyəsinin aşağı düşməsində kiçik və orta sahibkarlığın önəmini vurğulayan idarə rəisi ölkə iqtisadiyyatına töhfələrini verən, insanların rifahının yüksəlməsi üçün öz iqtisadi strategiyası olan şəxslərin həm də dövlətə daha çox vergi verdiklərinə və bunun da ölkə büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların həyat şəraitinə müsbət təsirini qeyd edib.
Tədbirin mövzusuna gəlincə, M.Babayev bildirib ki, öz halal zəhmətilə ailəsinə çörək qazanan, başqalarının çörək qazanmasına yardım edən bu insanların əmlakı, təsərrüfatı bəzən cinayətkar qəsdlərə hədəf olur. Təəssüf ki ötən dövr ərzində rayon ərazisində qeydə alınan cinayətlərdən böyük əksəriyyəti oğurluq cinayətləridir. O da məlum olub ki, bəzi sahibkarlar polisin mühafizəsindən yetərincə yararlanmırlar. Mühafizə işinin təşkili, obyektlərin mühafizəyə cəlb edilməsi və qorunması ilə bağlı polisin imkanları böyükdür. Hazırda rayonda 430 mənzil və 428 obyekt qorunur.
Bütün bu deyilənlərin fonunda, sahibkarlarla polis arasında belə görüşlərin keçirilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, sahibkarlarla polis arasında belə görüşün keçirilməsi müsbət əhəmiyyət kəsb edir: “Ümumiyyətlə, bu, vətəndaş cəmiyyətinin prinsiplərindən biridir. Cəmiyyətdə mütləq mənada müstəqil və təhlükəsiz yaşamaq istəyiriksə, polisə cəmiyyətdə maneəsiz şərait yaradılmalıdır. Yəni, bütün hallarda, vətəndaşlar cinayətkarlıqla mübarizədə, ictimai münasibətlərin tənzimlənməsində polis orqanlarına kömək etməlidirlər. Təbii ki, bütün bunlar vətəndaşlıq mövqeyindən çıxış edərək olmalıdır. Sahibkarlar cəmiyyətin fəal hissəsi olduğu üçün, bu işə öz töhfələrini verməlidirlər. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, onlara verilən dəstək və digər amillər bunu zəruri edir. Polislə sahibkarlar arasında bu şəkildə dialoqun aparılması cəmiyyətdə marifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Bu həm də istehlakçılarla sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir edir. Nəzərə almaq lazımdır ki, ölkə Prezidentinin son illər sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qanunlar da buna şərait yaradır. O üzdən, hesab edirəm ki, Azərbaycan polisinin bu kimi görüşlər keçirməsi maariflənmənin bir yoludur və cəmiyyətin xeyrinədir. Ona görə də mən bunu müsbət dəyərləndirirəm”.
Vidadi ORDAHALLI