Artıq Lerik rayonunun ucqar dağ kəndi Bradidə soyuq qış sərt üzünü göstərir. Soyuqların belə erkən düşməsi isə bu dağlar diyarının bitməyən problemlərinə birini də əlavə edib.
Hər çətinliyə öyrəncəli olan, soyuq otaqlarda donan kənd sakinləri bu dəfə qarlı günlərdən itkisiz çıxacaqlarına inanmır. Yaşlı sakinlər isə indidən özlərini ölüm təhlükəsi ilə üz-üzə görür. Çünki kəndin çox hissəsində evləri qızdırmaq üçün yanacaq tədarükü görülməyib...
Bradi kəndi dinamik inkişaf etmiş Azərbaycanın kiçik parçası olsa da, burada sosial ədalət, adamların gün-güzəranı heç kimi razı salmır. Sanki respublika inkişaf etdikcə, gözdən uzaq, könüldən iraq kənddə sosial böhran daha da dərinləşir. Bütün sahələrdə ögey münasibət, biganəlik hər addımbaşı özünü büruzə verir. Qayğılar içində itib-batan kəndin yarısı məcburiyyət qarşısında buradan köçüb. Qalanların əksəriyyəti yaşlı adamlardır. Çünki ayağı yer tutan buradan baş götürüb gedir. Bu zamana qədər kənd sakinləri, baha qiymətə olsa da, meşədən odun alıb şaxtalı qışdan birtəhər çıxırdı. Hazırda meşə camaatın üzünə bağlanıb. Evləri qızdırmağa qaz da yoxdur. Səkkiz ildir kəndə qaz çəkiləcəyi deyilir. Lakin il-ilə calansa da, verilən söz yerinə yetirilmir.
Bütün bunlardan sonra Bradi kəndində yaşamaq əsl müşkülə dönüb. Sakinlər isə deyirlər ki, çox təəssüf, müasir Azərbaycanın Bradi kimi kəndi də var.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü