İlqar Orucov: “Universitetlər bu proqramın tələblərinə cavab verən səviyyədə təhsil verməli, tədrisin məzmun və keyfiyyətini dünya standartlarına çatdırmalıdırlar”
Bu gün bəzi istisnaları nəzərə almasaq, Azərbaycan ali məktəbləri arasında ikili diplom verən universitetlər yoxdur. Bu da ali təhsil sistemində müəyyən çətinliklərin yaranmasına səbəb olur. Əsas problemlərdən biri də bizim ali məktəblərin xarici ölkələrdə diplomlarının tanınması ilə bağlı olur.
Artıq Azərbaycanda ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Təhsil naziri Ceyhun Bayramovun mətbuatda yer alan fikirlərinə görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq.
Nazir vurğulayıb ki, Dövlət Proqramının əsas hədəfinin elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Mütəxəssislər hesab edirlər ki, beynəlxalq ikili diplom proqramının yaradılması Azərbaycanda ali təhsil sisteminə müsbət təsir göstərəcək.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bunları bildirdi: “Beynəlxalq ikili diplom proqramının təsis olunması çox vacib məsələdir. Çünki reallıq ondan ibarətdir ki, Azərbaycan universitetlərinin verdiyi diplomlar bir çox ölkələrdə tanınmır. Bu da Azərbaycan təhsilinə inamsızlığın, etimadsızlığın nəticəsidir. Əlbəttə, ölkəmizdə son illər təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusilə də Prezident tərəfindən qəbul edilən dövlət proqramları, verilən qərarlar təhsilin məzmunu, keyfiyyətini xeyli dəyişib, artıq müasir tələblərə cavab verən ali təhsil sisteminin qurulması istiqamətində işlər aparılır. Bu baxımdan, Azərbaycan diplomlarının beynəlxalq aləmdə tanınması həm də ona gətirib çıxaracaq ki, ölkəmizin ali təhsil müəssisəsinin məzunları dünyanın fərqli ölkəsinin əmək bazarında özlərinə çıxış əldə edəcəklər və burada iş tapacaqlar. Beynəlxalq ikili diplom proqramının təsis olunması ali təhsil sisteminə böyük perspektivlər vəd edir. Bizim ali məktəblərimiz elə səviyyədə fəaliyyət göstərməlidirlər ki, onların verdiyi diplomlara xarici ölkə ali məktəblərində inam olsun. Bunun nəticəsində də gənclərimiz xarici ölkələrə çıxa bilsin, orada özlərinə iş tapmaq imkanı əldə etsinlər. İkili diplom proqramında iştirak edəcək universitetlər bu proqramın tələblərinə cavab verən səviyyədə təhsil verməli, tədrisin məzmun və keyfiyyətini dünya standartlarına çatdırmalıdırlar”. İ.Orucovun sözlərinə görə, ali məktəblərdə təhsilin keyfiyyəti, məzmunu o qədər yüksək olmalıdır ki, onlar beynəlxalq rəqabətliliyə dözə bilsinlər. O qeyd etdi ki, bu proqramda iştirak edəcək ali məktəblər 2019-cu ilə qədər seçiləcək və onlara ikili diplom vermək səlahiyyəti veriləcək. “Bu proqramda təmsil olunacaq ali məktəblər gərək xüsusi seçilsin və onların verdiyi təhsilin keyfiyyəti, eləcə də xarici ali məktəblərlə beynəlxalq əlaqələri olsun ki, bu universitetlərin verdiyi diplomlar xaricdə tanınsın. Nüfuzlu xarici ali məktəblər bizim universitetlərin verdiyi təhsildən razı qalmalıdırlar ki, onlar bizim universitetləri qəbul edə bilsinlər” - deyə İ.Orucov bildirdi.
İradə SARIYEVA