“Yaradılan “ASAN xidmət” mərkəzləri Azərbaycanın brendi kimi dünyada qəbul olunur”
Məlum olduğu kimi, Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin, qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
E.Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. Səfər çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. İdarə və Xidmət arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra qonaqlar “ASAN xidmət” mərkəzləri və bir neçə məhkəmə instansiyasının inzibati binaları ilə tanış olublar.
Reallıq ondan ibarətdir ki, son illər ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilib. Nəticədə korrupsiya ilə mübarizədə ciddi müsbət nəticələr əldə olunub. Görünən odur ki, Azərbaycanın korrupsiya ilə mübarizə təcrübəsi və bu sahədə əldə olunan nailiyyətlər Monqolustan Bas Prokurorluğunun diqqətini cəlb edib. O üzdən, ekspertlər bütün bunları necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin bir sıra dövlətlərin diqqətini cəlb etməsi təsadüfi deyil: “Məsələ ondadır ki, son illər məhkəmə-hüquq sahəsində sistemli islahatlar həyata keçirilir. Bu sahədə mühüm tələblərdən biri məmurla ölkə vətəndaşı arasında hər hansı bir təmasın olmaması ilə bağlıdır. Xüsusən də yaradılan “ASAN xidmət” mərkəzləri Azərbaycanın brendi kimi dünyada qəbul olunur. Sözügedən xidmət sahəsi bilavasitə korrupsiyaya qarşı mübarizənin bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, bütün bunların sayəsində korrupsiya ilə mübarizədə ciddi nailiyyətlər əldə olunub və bu, danılmaz reallıqdır. Azərbaycana səfər edən bütün beynəlxalq təşkilatların nümayəndələri də ölkədə korrupsiyaya qarşı mübarizənin davamlı xarakter aldığını qeyd edirlər. Yəni Azərbaycanın bununla bağlı həyata keçirdiyi islahatları təqdir edirlər. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti korrupsiya ilə mübarizədə qətiyyətlidir. Bununla bağlı ortada qəti siyasi iradə var. Ona görə də bu istiqamətdə aparılan hüquqi islahatlar davamlı xarakterlidir. Bütün bunlar Monqolustan dövləti üçün nümunədir. Onlar bunları öyrənib öz ölkələrində tətbiq etmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan təcrübəsi yaxşı öyrənilsə və Monqolustanda tətbiq olunsa, müsbət nailiyyətlər əldə edə bilərlər”.
Vidadi ORDAHALLI