Rəşad Məcid: “Şagirdlər müsabiqə üçün çox maraqlı esselər yazırlar, burada bədii qiraət örnəkləri ilə çıxış edirlər”
Uşaqlarda Azərbaycan və dünya ədəbiyyatına marağın artırılması üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb. Müsabiqədə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edəcəklər. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədilə reallaşdırılır. Müsabiqənin məktəb mərhələsi bu ilin noyabr-dekabr, rayon (şəhər) mərhələsi gələn ilin yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.
Müsabiqənin təşkilat komitəsinin sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Bakı-Xəbər”ə bildirdi ki, bu müsabiqə son illər davamlı olaraq keçirilir. O, vurğuladı ki, son illər “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətindən danışan R.Məcid “bu müsabiqə ədəbiyyatın təbliği, uşaqlar arasında mütaliə mədəniyyətini genişləndirmək baxımından keçirilir. Əvvəlki illərdə də respublika məktəblərində belə tədbirlər keçirilib. “Ədəbiyyat biliciləri” müsabiqəsinin təşkilat komitəsinin sədr müavini kimi də dəfələrlə bu müsabiqədə iştirak etmişəm. Həmişə də demişəm ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı ilə tanış olmasında, onlarda mütaliə, oxu mədəniyyətinin formalaşmasında böyük rolu var. Bu müsabiqə şagirdlərdə mütaliə vərdişləri aşılayır. “Ədəbiyyat biliciləri” müsabiqəsi indiyə qədər bir neçə dəfə keçirilib və burada, sözün əsl mənasında, bir yarış ab-havası yaşanır. Şagirdlər müsabiqə üçün çox maraqlı esselər yazırlar, burada bədii qiraət örnəkləri ilə çıxış edirlər” - deyə bildirdi. O qeyd etdi ki, müsabiqə qalibləri nazirlik tərəfindən müxtəlif mükafatlarla təltif edilirlər.
İradə SARIYEVA