Vaqif Qarayev: “Bu gün təcrübə keçmək üçün tibb işçilərinin, həkimlərin xarici ölkələrdən Azərbaycana üz tutması müsbət haldır”
Ölkəmiz bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də dünyanın bir sıra ölkələrinin diqqət mərkəzindədir. Azərbaycanda peşəkar həkim kadrlarının olması, onların bu sahədəki uğurları diqqətçəkəndir. Təcrübə keçmək üçün həkimlərimiz Azərbaycandan xaricə gedirdilərsə, artıq xarici ölkələrdən də həkimlər, tibb işçiləri təcrübə keçmək üçün ölkəmizə üz tuturlar. Pakistanlı tibb işçiləri təcrübə keçmək üçün Azərbaycana gələcəklər.
Bununla bağlı Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani arasında görüş keçirilib.
Azərbaycanın Pakistandakı Səfirliyindən mətbuata verilən məlumata görə, görüşdə Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlardan, əldə olunan nailiyyətlərdən, ölkəmizin səhiyyə turizminə dair potensialından, Azərbaycanda tibb sahəsində təhsil alan pakistanlı tələbələrə yaradılan səmərəli mühitdən, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə sahəsində həyata keçirdiyi xeyriyyə layihələrindən söhbət açılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
Pakistanın tibb işçilərinin təcrübə keçmək üçün Azərbaycanı seçməsini şərh edən tanınmış həkim Vaqif Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Azərbaycanda xaricdə yüksək təhsil almış və təcrübə qazanmış peşəkar kadrlar çoxdur. O hesab edir ki, pakistanlı tibb işçilərinin tibbin müxtəlif sahələri üzrə öyrənməli olduğu çox məsələ var. “Bütün dünyada tibb sahəsində ölkələr arasında təcrübə mübadiləsi həyata keçirilir. Bu gün təcrübə keçmək üçün tibb işçilərinin, həkimlərin xarici ölkələrdən Azərbaycana üz tutması müsbət haldır. Mən heç vaxt “bizim səhiyyədə öyrəniləsi heç nə yoxdur” fikrilə heç cür razılaşa bilmərəm. Azərbaycanda praktik təbabətin bütün sahələrində xaricdə təhsil almış peşəkar gənc həkimlər var. Orqan köçürülməsi müasir tibbin ən modern sahəsidir. Pakistandan, yaxud başqa ölkələrdən təcrübə keçməkdən ötrü ölkəmizə gəlirlərsə, bu, Azərbaycan səhiyyəsi üçün müsbət göstəricidir. Bu gün Amerikanın özündə də həkimlər təcrübə keçmək üçün başqa ölkələrə gedirlər. Çünki dünyada mükəmməl səhiyyə sistemi olan dövlət yoxdur. Bu, insan sağlamlığı ilə bağlı olduğu üçün tam mükəmməl ola bilməz. İndi mükəmməl görsənən sabah mükəmməl görsənə bilməz. Bu baxımdan ki, yeni texnologiyalar yaranır, yeni müalicə üsulları tapılır” - deyə V.Qarayev bildirdi.
İradə SARIYEVA