“Şəhidlərimizə göstərilən diqqət, onların ailəsinə yardım edilməsi bizi sevindirir”
Prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanında nəzərdə tutulan vəsaitin ödənilməsinə başlanıb. Noyabrın 13-dən etibarən şəhid ailələrinin bank hesablarına müavinətlər köçürülür.
Şəhid Fərhad Həmzəyevin anası Həqiqət xanım baki-xeber.com-a açıqlamasında oğlunun dövlət səviyyəsində anıldığı üçün qürurlandığını dilə gətirdi. Quba rayonunda yaşayan Həqiqət xanım oğlunun şəhid olmasının onun üçün həm qürurlu, həm də kədərli olduğunu dilə gətirdi: “Şəhid ailələrinə birdəfəlik müavinətin veriləcəyi barədə məlumat verdilər. İlk öncə yardım almaq istəmədim. Daha sonra yaxınlarım israr etdilər ki, oğlum üçün birdəfəlik müavinət alım. Sənədlərimi hazır edib aidiyyəti quruma təqdim etdim. Telefonuma sms gəldi ki, müavinət almaq üçün 42-ci adamam. Yəqin ki, yaxın günlər ərzində hesaba pul köçürülər. Şəhidlərimizə göstərilən diqqət, onların ailəsinə yardım edilməsi bizi sevindirir. Düzdür, oğlum geri qayıtmayacaq, ancaq o məbləğ onun ailəsinin sosial sıxıntılarını qismən də olsa həll edəcək. Buna görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Günel CƏLİLOVA