“Şəhid ailəsi olaraq bizə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirik”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün fərman imzalayıb. Fərmana əsasən, şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələr ediləcək. Artıq bəzi ailələr birdəfəlik ödənişlə təmin edilib, bəzilərinə isə yaxın günlər ərzində vəsait ödəniləcək.
Vətən uğrunda şəhid olmuş Yusif Hacıyevin ailəsi də birdəfəlik ödəmədən yararlanacaq. Yusif Hacıyevin ailəsi Şəmkirdə yaşayır. Şəhid xanımı Məhsəti Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o, şəhid ailələrinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi: “Şəhid vərəsəsi kimi sənədlərimizi təqdim etdik. Bizə yaxın zamanlarda ödəmənin bank hesabına köçürüləcəyi deyilib. 11 min manat birdəfəlik ödəmə sosial sıxıntılarımızın aradan qalxmasına gətirib çıxaracaq. Bu məbləğ maddi şəraitimizin yaxşılaşmasına az da olsa səbəb olacaq. Şəhid ailəsi olaraq bizə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirik”.
Günel CƏLİLOVA