Könül Vaqifqızı: “Azərbaycanlı kişilərin xarici qızlara üstünlük verməsinin digər səbəbi isə sosial şəbəkə və yayımlanan xarici seriallardır”
Açıqlanan statistik rəqəmlərə əsasən, son beş il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı kişilər artıb. Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.
Qeyd edək ki, daha çox azərbaycanlı qızların əcnəbilərlə evlənməsi barədə məlumatlar eşitmişik, oxumuşuq. Bəylərin əcnəbi qadınlarla ailə qurmasına maraq göstərməsinə münasibət bildirən psixoloq Könül Vaqifqızı qeyd etdi ki, kişilərin xarici qadınlarla evlənməsi ailə və çevrə ilə əlaqəli olduğu kimi, burada xarici meyarların da təsiri az deyil: "O kişi ki, ətrafındakı hər kəsin ailəsindən, qadınından narazı olduğunu görür, onda ailə qurmağa qarşı mənfi hisslər yaranır. Düşünür ki, bəlkə əcnəbi qız alsa, istəkləri üst-üstə düşə bilər. Bu əsasən evdə valideynləri arasında soyuq münasibət, dava-dalaş görən gənclərdə baş verir. Oğlan uşağı anacanlı olsa da, kişi olduğu üçün atasını da başa düşür. Sadəcə, ananın göz yaşları oğulların qəlbini ələ alır. Ailədə normal davranışlar görməyən uşaq sonradan ailə modelini yaşadığı ailə kimi canlandırır. Belə uşaqlar evdən də tez uzaqlaşmağa başlayırlar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, xaricdə təhsil və yaxud iş gənc oğlanların düşüncəsinə tez təsir göstərir. Münasibətlərin açıqlığı, məcburi olmaması azadlığı sevən kişini özünə çəkir.
Psixoloqun fikrincə, azərbaycanlı kişilərin xarici qızlara üstünlük verməsinin digər səbəbi isə sosial şəbəkə və yayımlanan xarici seriallardır. "Kişi görüb istədiklərini reallaşdırmağa can atır. Bunun qarşısını almaq mümkün deyil. Bəzi əcnəbi qadınlar sosial şəbəkə üzərindən bizim bəylərlə tanış olur və uzun-uzadı virtual münasibətdən sonra bu, evliliklə sonlanır. Bəzən bəylərimiz hansısa ölkədə işləmək və orada yaşamaq üçün həmin ölkənin xanımı ilə ailə qururlar. Təbii ki, bu tip evliliklər uzunmüddətli olmur”.
Günel CƏLİLOVA