Mehman Muradlı: “Azərbaycanda narkotiklərlə bağlı mühüm tədbirin keçirilməsi məqsədəuyğundur”
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir: “Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.
Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın qərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına evsahibliyi edəcək. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir”.
Narkotiklərlə mübarizəyə həsr edilən belə bir mühüm tədbirin Bakıda keçirilməsi nəyin əlaməti sayıla bilər?
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, bu, Azərbaycanın narkotiklərlə mübarizə sahəsində əldə etdiyi uğurlarla bağlıdır: “Azərbaycanda bu bəla ilə yalnız hüquq-mühafizə orqanları səviyyəsində deyil, bütün dövlət resursları hesabına mübarizə aparılır. Təsadüfi deyil ki, Azərbaycanda bununla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Eyni zamanda, dövlət büdcəsində bu istiqamətdə maarifləndirmə tədbirlərinin aparılmasına da vəsaitlər ayrılır. Maraqlıdır ki, həmin vəsaitlərin çoxu qrant şəklində, yəni heç bir qazanc istəyi olmadan verilir. Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi işi də yüksək səviyyədə qurulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyətin ən böyük bəlasına çevrilib. Artıq son illər leksikona "narkokorrupsiya" termini də əlavə olunub. Bu baxımdan, yayılmış bəla ilə həm də bu sahə üzrə mübarizə aparmaq tələbi qarşıya qoyulur ki, bunun da həyata keçirilməsi bizdə yüksək səviyyədədir. Narkotiklərlə mübarizə sahəsində əldə olunan uğurları dövlət qurumlarının yaydığı rəsmi məlumatlardan da görmək mümkündür. Təbii ki, həmin statistika beynəlxalq qurumların da diqqətini cəlb edir. Bu baxımdan, Azərbaycanda narkotiklərlə bağlı mühüm tədbirin keçirilməsi məqsədəuyğun və zəruridir”.
Məhəmmədəli QƏRİBLİ