Məhərrəm Zülfüqarlı: “... bu reallaşarsa, onu təqdir edərəm”
Orta ümumtəhsil məktəblərində bir sıra yeni fənlərin tədris edilməsi aktuallaşıb. Hətta keçmişdə tədris edilən bəzi fənlərin, xüsusən də Konstitusiya fənninin yenidən tədris proqramına salınması barədə fikirlər mövcuddur.
Müəllimlər hesab edirlər ki, bu fənn yenidən tədris edilməlidir ki, şagirdlər öz hüquq və azadlıqları haqqında məlumata malik olsunlar.
Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Məhərrəm Zülfüqarlı hesab edir ki, orta ümumtəhsil məktəblərində Konstitusiya fənni tədris edilməlidir. “Azərbaycan sivil, müstəqil dövlətdir və onun qanunları şagirdlərə aşılanmalıdır. Şagirdlərimizin hüquqi biliklərə malik olması çox vacibdir. Onlar ölkəmizin gələcək vətəndaşları kimi qanunları bilməlidirlər. Son illərə qədər məktəblərdə bu fənn tədris edilirdi. Hesab edirəm ki, hansısa qondarma fənlərdənsə, Konstitusiya fənninin tədris edilməsi vacibdir. Vaxtilə biz məktəbdə bu fənn vasitəsilə hüquqi biliklər əldə edirdik və bu da bizə müsbət təsir göstərirdi. Bu gün isə Azərbaycan məktəblərində Konstitusiya bir fənn olaraq keçirilmir. Fikrimcə, Konstitusiya fənni yenidən orta məktəblərin tədris proqramına salınmalıdır. Mən bir alim, tarixçi kimi bu fənnin məktəblərdə tədris edilməsinə tərəfdaram və bu reallaşarsa, onu təqdir edərəm” - deyə M.Zülfüqarlı bildirdi.
M.Zülfüqarlı hesab edir ki, ibtidai siniflərdə bu fənn tədris edilməsə də, yuxarı siniflərdə keçilməsi zamanın tələbinə çevrilib.
İradə SARIYEVA