Fatimə Hacıbəyli: “Məktəblilərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, yol təhlükəsizliyi ilə bağlı məsələlərin aşılanması çox müsbət haldır”
Yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər tək paytaxt məktəblərində deyil, eyni zamanda, bölgələrdə olan təhsil müəssisələrində də təşkil olunur. Keçirilən maarifləndirici tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir, yolda daha diqqətli olmaları tövsiyə edilir. Yollarda uşaqların təhlükəsizliyinin təmin edilməsində profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunur.
Ekspertlər bu cür maarifləndirici tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu düşünürlər. Onların fikrincə, uşaqlar yol hərəkəti haqqında bilgilərə malik olmalıdırlar.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği ilə bağlı tədbirlərin keçirilməsi əhəmiyyətlidir: “Bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. Məktəblərdə və bağçalarda bu cür tədbirlərin həyata keçirilməsinin əsas səbəblərindən biri də yol hərəkəti qaydalarını mükəmməl bilən və qəzasız dünyaya qədəm qoyan bir nəsil yetişdirməkdir. Bəllidir ki, məktəblərin əksəriyyəti intensiv hərəkət olan yolların kənarındadır. Fasilə zamanı və dərsdən sonra o yollara axının qarşısının alınması bəzən mümkünsüz olur. Görürsən ki, şagirdlər heç nəyə məhəl qoymadan, tələskənlik edib yolu keçirlər. Bu da, əlbəttə, uşaqlar üçün böyük təhlükə yaradır. Maariflənmiş uşaq, yeniyetmə, gənc yol hərəkəti qaydalarını bildiyi üçün özünü təhlükəyə atmayacaq.
Uşaqlar, mütləq mənada, yol hərəkəti qaydalarını bilməlidirlər ki, qəzalarla üzləşməsinlər. Düşünürəm ki, məktəblilərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, yol təhlükəsizliyi ilə bağlı məsələlərin aşılanması çox müsbət haldır. Eyni zamanda, uşaqların maarifləndirilməsi yol hərəkəti ilə bağlı cinayət xarakterli halların qarşısının alınmasında mühüm rol oynayacaq”.
Günel CƏLİLOVA