Azər Həsrət: “... buna heç bir qurum dözüm göstərməyə borclu deyil”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib ki, yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq: “Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq”.
Nuşirəvan Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub: “Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”.
MTRŞ-nin televiziyanın monitorinqi ilə bağlı qəbul etdiyi bu qərar verilişlərin və aparıcıların təkmilləşməsinə necə təsir edəcək?
İctimai Televiziyanın Yayım Şurasının üzvü, media eksperti Azər Həsərət “Bakı-Xəbər”ə bildirdi ki, MTRŞ-nin tətbiqinə hazırlaşdığı mexanizm çox təqdirəlayiqdir: “Bir növ, cəmiyyətdən gələn sosial sifarişə uyğun şəkildə qərar qəbul ediblər. Bilirsiniz ki, bəzi televiziya və radio aparıcıları ilə bağlı cəmiyyətdə olduqca neqativ fikirlər var. Bəzən görürsən ki, jurnalistika və televiziya işinə heç bir aidiyyəti olmayan adam aparıcılıqla məşğul olur. Onlar normal ədəbi dildə danışa bilmir, çox vaxt ləhcə ilə danışırlar. Ana dilimizin “qolunu-qabırğasını” sındıraraq veriliş aparan həmin adamların vurduğu zərərin miqyası çox böyükdür. Təbii ki, bütün bu amillər cəmiyyətdə ciddi narazılığa səbəb olur. Ona görə də Milli Teleradio Şurası mərhələ-mərhələ bu problemin həllinə çalışır. Açıqlamadan görünür ki, bu monitorinq əvvəlkilərdən fərqlənəcək. Çünki konkret ünvan göstəriləcək. Pozuntularla bağlı göstərilən ünvanlar bundan dərs almalıdırlar. Əgər nəticə çıxarmazlarsa, MTRŞ daha təsirli mexanizmlər tətbiq edə bilər. Yəni normaları pozan qurum və aparıcılarla bağlı daha sərt qərarlar qəbul etməlidir ki, vəziyyət düzəlsin. Əks təqdirdə biz həqiqətən də hər gün ana dilimizin televiziya və radiolarda linç edilməsinin şahidi olacağıq. Bu da Azərbaycan dilinin yaşarlılığını şübhə altına alır ki, buna da heç bir qurum dözüm göstərməyə borclu deyil”.
Məhəmmədəli QƏRİBLİ