Əlibala Zalov: “... birmənalı olaraq əleyhinəyəm”
Son günlər orta ümumtəhsil məktəblərində cinsi tərbiyə dərslərinin keçirilməsi məsələsi gündəmə gətirilib. Məktəblərdə cinsi tərbiyənin bir fənn kimi keçirilməsi təklifləri mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Ekspertlərin çox böyük qismi hesab edir ki, məktəblərdə cinsi tərbiyə fənninin tədris edilməsinə müsbət yanaşmaq olmaz. Onların bildirdiyinə görə, cinsi tərbiyəni gündəmə gətirib tədris planına saldırmaqdansa, orta məktəblərdə tədrisin keyfiyyətini artırmaq daha məqsədəuyğundur.
Yeri gəlmişkən bildirək ki, cinsi tərbiyə (“Reproduktiv sağlamlığın tədrisi”) kitabının müəllifi Kəmalə Aşumova qeyd edib ki, vəsait hazırdır və kitab yoxlanılması, eyni zamanda da tədris olunması üçün Təhsil Nazirliyinə təqdim edilib: “Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti “Biologiya” və “Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlanma prosesi artıq iki ildir davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı “Reproduktiv sağlamlığın tədrisi” kimi səslənir”.
Məktəblərdə cinsi tərbiyə dərsinin tədris edilməsinə ehtiyac varmı?
Mütəxəssislər qeyd edirlər ki, cinsi tərbiyə dərsinin məktəblərdə keçirilməsi bizə müsbət heç nə vəd etmir. Onların sözlərinə görə, bu fəndənsə, keçmiş dövrdə orta məktəblərin yuxarı siniflərində tədris edilən “Ailə” dərsliyi bərpa edilsin və şagirdlərə bu vəsait vasitəsilə mental ailə dəyərlərimiz öyrədilsin.
Azətbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi, tanınmış pedaqoq Əlibala Zalov bir mütəxəssis kimi orta ümumtəhsil məktəblərində cinsi tərbiyə fənninin tədris edilməsinin qəti əleyhinədir. “Məktəblərdə cinsi tərbiyə dərsinin tədris edilməsinə qətiyyən ehtiyac yoxdur. Bir mütəxəssis kimi bu fənnin tədrisinin birmənalı olaraq əleyhinəyəm. Buna yol vermək olmaz. Ataların bir sözü var:”Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Uşaqlara cinsi tərbiyəni həyat özü keçir. Ailədən başlamış, cəmiyyətə qədər uşaqlar nə lazımdır onların hamısını öyrənirlər. Keçmişdə cinsi tərbiyə dərsi keçmirdilər, uşaqlar dünyaya gəlmirdi, onlar öz cinslərini dərk etmirdilər?” - deyə bildirən Ə.Zalov hesab edir ki, müasir uşaq, yeniyetmə və gənclər cinsi tərbiyə sahəsində onsuz da kifayət qədər bilgilərə malikdirlər. Bu sahəni fənn kimi tədris etməyin məktəblilərə mənfi təsir göstərəcəyini deyən Ə.Zalovun sözlərinə görə, biz bununla uşaqlarımızı daha erkən oyadırıq. “Müsir uşağın, şagirdin informasiya almaq imkanları daha genişdir. Onlar cinsi maarifləndirmə baxımından geridə qalmırlar. Cinsi tərbiyə məsələsini gündəmə gətirmək, onun ayrıca fənn kimi tədris edilməsini israrla tədris proqramına saldırmağa cəhd göstərmək yolverilməzdir. Mən buna qarşıyam. Biz nədənsə son zamanlar bir sıra məsələlərdə çox ağ edirik. Olmaz” - deyə Ə.Zalov bildirdi.
İradə SARIYEVA