“Dövlət xarici məktəblərin ölkəmizdə akkreditasiyasını asanlaşdırmaq üçün bu dəyişiklikləri edib”
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”na dəyişikliklər edilib. Yeni qaydalara görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı olan istisna hal aradan qaldırılıb. Belə ki, bundan sonra bütün təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçiriləcək. Əvvəlki qaydalara görə, bu müəssisələrin akkreditasiyası 3 ildə bir dəfə keçirilib.
Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil mütəxəssisi Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən xarici təhsil müəssisələrinin akkreditasiyasının hər 5 ildə bir dəfə həyata keçirilməsi onların fəaliyyətinə müsbət təsir göstərəcək: “Hesab edirəm ki, bu dəyişiklik işin keyfiyyətinə çox müsbət təsir göstərəcək. Digər tərəfdən, belə müəssisələrlə bağlı dünya təcrübəsi də var və bu proses başqa ölkələrdə də həyata keçirilir. Bu səbəbdən də belə müəssisələrə dövlətin nəzarətinin gücləndirilməsi vacibdir. Azərbaycanda fəaliyyət göstərən xarici məktəblərdəki proseslər, işlər müəyyən vaxtdan sonra yoxlanılırsa, bu bizim dövlətçiliyimizin qorunmasına xidmət edir. Bu onların işinə nəzarəti gücləndirəcək. Yadınıza gəlirsə, Azərbaycandakı bəzi türk liseylərində nurçuluğun təbliğ edildiyi üzə çıxarıldı. Bu gün dövlət xarici məktəblərin ölkəmizdə akkreditasiyasını asanlaşdırmaq üçün bu dəyişiklikləri edib. Bu da onların işinə müsbət təsir edəcək. Dövlətimiz o məktəbləri daim nəzarətdə saxlayacaq ki, burada başqa təsirlər özünü göstərməsin. Hansısa xarici məktəbin fəaliyyətində Azərbaycan dövlətçiliyinə zidd, dövlət maraqlarımıza uyğun olmayan hallar aşkarlanarsa, dövlətimiz o məktəbləri qapada bilər. Yəni dəyişikliklər həm də bunu təsbit edir”. M.Zülfüqarlı dedi ki, “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”na dəyişikliklərin həyata keçirilməsini bir mütəxəssis olaraq təqdir edir.
İradə SARIYEVA