Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər: "Bu addım həmin rayonlara sərmayələrin artmasına gətirib çıxara bilər".
“Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır”. Bunu da S.Novruzov deyib.
S.Novruzov bildirib ki, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa, onun 50 faizi həmin təşkilatların hesabına keçir: “Hesab edirəm ki, əgər rayon öz büdcəsin yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu çox vacib bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.